İtaliyanın Alp dağlarında böyük bir buzlaq axıb. Qar laylarının altında qalan ən azı 7 nəfər həlak olub, 15 nəfər itkin düşüb. Əlavə 8 nəfər yaralanıb, onlardan 2-sinin vəziyyəti ağırdır.
Fəlakət yerində helikopter və axtarış itləri vasitəsilə xilasetmə işləri davam etdirilir.
"Marmolada" adlı buzlaq eyniadlı dağın yamacında yerləşirdi. Bu, İtaliyanın şimal-qərbindəki Dolomit Alpları silsiləsində ən yüksək dağdır.
"Marmolada"nın hündürlüyü 3 min 300 metrdir. Dolomit Alpları həm xizək sürərkən qışda, həm də yayda turizm üçün tanınan yerdir. Ölən və yaralananlar arasında müxtəlif ölkələrdən gələn turistlər var.
Yerli xilasetmə xidmətinin nümayəndəsi Valter Milan deyib ki, faciənin səbəbi hələ müəyyən edilməyib. Amma onun bildirməsinə görə, güman edilir ki, son vaxtlar İtaliyada müşahidə olunan anomal istilər səbəbindən buzlaq əriməyə və dağılmağa başlayıb. V.Milanın deməsinə görə, adətən, buz və qarın ərimədiyi üç kilometr yüksəklikdə belə, son günlər havanın temperaturu +10 dərəcə civarında olub.
Təbii fəlakət yerinə gələn İtaliyanın Baş naziri Mario Draqi də bildirib ki, buzların əriməsinə səbəb olan anomal istilər son illərdə Avropada daha çox hiss olunan iqlim dəyişikliyi ilə bağlıdır. "Belə təbii hadisələrin təkrarlanma ehtimalını minimuma endirmək üçün hökumət tədbirlər görməlidir", - o deyib.