Əfqan Muxtarlıya ittihamlar ağırlaşdırılıb

Tbilisidə aksiya (Əfqan Muxtarlı soldan 2-cidir) 27May2015

Jurnalist Əfqan Muxtarlının dindirilməsi başa çatıb. Dindirmədə jurnalistin vəkillərindən Osman KazımovNemət Kərimli də iştirak edib.

Vəkillərin bildirdiyinə görə, Əfqan Muxtarlıya daha bir ittiham irəli sürülüb.

Jurnalist həm də hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Həmin əmələ görə, Cinayət Məcəlləsinin 315.2-ci maddəsində məsuliyyət nəzərdə tutulur. 315-ci maddə maksimum 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Buna da bax:​ Gürcüstan Ombudsmanı Ə.Muxtarlı ilə bağlı bəyanat verdi

Ə.Muxtarlıya bundan əvvəl Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə ittiham irəli sürülüb. Həmin maddələr isə 5 ilə kimi azadlıqdan məhrumetmə cəzası müəyyən edir.

Vəkillərinin bildirdiyinə görə, Ə.Muxtarlı hazırda Səbail Rayon Məhkəməsinə gətirilir. Məhkəmənin saat 18:00-a kimi onunla bağlı qərar verəcəyi gözlənilir.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlının mayın 29-u oturum izini aldığı Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib.

Buna da bax:​ Baş Prokurorluğun sözçüsü Əfqan Muxtarlıdan danışdı

Vəkil Elçin Sadıqovun deməsinə görə, jurnalist ona döyüldüyünü bildirib. “Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o, nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür”, deyən vəkil əlavə edib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.

Ancaq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. E.Sultanovun həmçinin deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərib.

Buna da bax:​ Amnesty International Əfqan Muxtarlıya görə Bakını və Tbilisini ittiham edir

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Əfqan Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.