«Alınmadı, rəis» və ya məqsədinə çatmayan devalvasiya

İxracat

-

Devalvasiya iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını gücləndirməliydi, amma bu məqsədə çatmaq mümkün olmayıb. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatından belə çıxır. DGK bildirir ki, ilin ilk 4 ayının statistikasına görə, ixrac ötən ilin eyni dövrüylə müqayisədə 42.63 faiz azalıb. Neftdənkənar sektorda hazırlanan məhsulların da ixracında kəskin azalma gözə dəyir. Hökumətin ümid yeri olan bu sahədə ötən ilin eyni dövrünə nisbətən 44 faizlik və ya 264 milyon dollarlıq azalma var.

Ən çox azalma qida emalı sənayesində qeydə alınıb. Ötən il bu sektor 158.6 milyon dollarlıq məhsul ixrac etmişdi. Bu il təxminən 6 dəfə azalma baş verdiyindən xaricə cəmi 25 milyon dollarlıq qida göndərilib. İxracda kəskin azalma kimya sənayesi məhsullarından da yan ötməyib və xaricə ötən ilkindən təxminən 7 dəfə az -54.4 milyon dollar əvəzinə 7.9 milyon dollarlıq məhsul göndərilib.

BAHALI MANAT BAŞLICA MANEƏ DEYİLMİŞ

Meyvə-tərəvəz ixracatındasa artım gözə dəyir - ixracın həcmi 43.5 milyon dollardan 68.9 milyon dollara yüksəlib. Qara metal ixracı da artaraq, 8.3 milyondan 30.8 milyon dollarlıq məhsula yüksəlib.

İxracın qarşısındakı başlıca maneənin bahalı manat olması hökumətin devalvasiya qərarından çıxan nəticə idi. Devalvasiya aparıldı - manat dəyərsizləşdi, ancaq ixrac artmadı.

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, iki devalvasiya nəticəsində iki dəfə dəyərdən düşən manatın real mübadilə məzənnəsi 40 faizdən çox ucuzlaşıb: «Milli valyutanın real məzənnəsi ticarət tərəfdaşı olan ixtiyari iki ölkədə əmtəələrin nisbi qiymətini əks etdirir. Daha sadə dillə desək, real valyuta məzənnəsi bir-biri ilə ticarət aparan ölkələrin valyutasının ala biləcəyi əmtəə səbətinin dəyərini göstərir».

Daha sonra ekspert iki müxtəlif zaman və ssenari əsasında real valyuta məzənnəsinin mahiyyətini və milli iqtisadiyyatın inkişafına təsirini açıqlayır:

BİRİNCİ SSENARİ

«Təsəvvür edək ki, 100 maldan ibarət əmtəə səbətinin dəyəri Azərbaycanda 2015-ci ilin yanvarında min manat - ozamankı məzənnə ilə 1270 dollar olub. Həmin vaxt Azərbaycanın ticarət tərəfdaşı olan ölkədə, məsələn, Gürcüstanda həmin 100 əmtəədən ibarət səbətin dəyəri 2530 lari və ya 1150 dollar idi. Bu halda manat və larinin real mübadilə məzənnəsi 1.1 bərabər olub, yəni 3-cü bir ölkə adıçəkilən 100 adda məhsuldan ibarət məhsulu idxal etməli olsaydı, Gürcüstanı seçəcəkdi. Niyə? Çünki eyni pula 10 faiz çox gürcü malı ala biləcəkdi. Ümumiyyətlə, real mübadilə məzənnəsi 1-i aşarsa, ölkənin ixracatı sərfəli və məhsulları beynəlxalq bazarlarda rəqabətqabiliyyətli olmur».

İKİNCİ SSENARİ

«Təsəvvür edək ki, iki devalvasiyadan sonra manatın 2 dəfə dəyər itirməsi və həmin dövrdə inflyasiyanın 13 faiz olması nəticəsində sözügedən əmtəə səbətinin dəyəri 1400 manat, yəni yeni məzənnə ilə 900 dollardır. Gürcü larisinin 10 faiz ucuzlaşması və dövr ərzində baş verən 5 faizlik inflyasiya nəticəsində həmin məhsulun dəyəri 2660 lari və yeni məzənnə ilə 1100 dollar olur. Bu halda manat və larinin real mübadilə məzənnəsi 0.82-ə bərabərdir. Yəni 3-cü bir ölkə adıçəkilən 100 adda məhsuldan ibarət əmtəə səbətini idxal etməli olsaydı, artıq Azərbaycanı seçəcəkdi. Niyə? Axı eyni pula 18 faiz çox Azərbaycan malı ala biləcəkdi. Real mübadilə məzənnəsi 1-dən aşağı olunca, ölkənin ixracatı sərfəli və məhsulları beynəlxalq bazarlarda rəqabətqabiliyyətli olur».

«HÖKUMƏT İQTİSADİ SİYASƏTİ ƏLAQƏLƏNDİRMƏK İMKANLARINI TAM İTİRİB»

R.Ağayev manatın real məzənnəsinin, az qala, 45 faiz ucuzlaşdığı şəraitdə ixrac gəlirlərinin azalmasını 2 səbəbə bağlayır: «Ya bu ölkədə məzənnə siyasəti ilə real sektor arasında bütün əlaqə kanalları qapanıb və hökumət iqtisadi siyasəti əlaqələndirmək imkanlarını tam itirib. Ya da inhisarçı qiymətlər, sahibkarlıq fəaliyyətinə bürokratik müdaxilələr sayəsində məhsulların qiyməti o qədər yüksəlib ki, hətta 45 faizlik real məzənnə ucuzlaşması da yerli məhsulları başqa ölkələrin məhsullarından daha cəlbedici etmir».

«İXRACATDA NEFTİN PAYI AZALSA DA...»

Ekspert Məhəmməd Talıblı devalvasiyanın məqsədinə çatmadığını düşünür: «Neftdənkənar ixracata dəstəyi 1-ci devalvasiya qərarının əsas hədəfi kimi göstərirdilər. Amma ixracat artmaq əvəzinə, əksinə, azaldı. Ötən illə müqayisədə neftin ixracından 10 milyard dollar az vəsait daxil olub. Maraqlıdır ki, bununla belə, ümumi payda neftdənkənar sektorun çəkisi artmayıb. Deməli, qeyri-neft məhsulları ixracatında da azalmalar baş verib».

Ekspertin fikrincə, 2 il öncə qeyri-neft ixracatındakı artımlar da neftdənkənar sahələrin istehsal güclərinin artmasından və ixracat potensialının genişlənməsindən qaynaqlanmayıb: «O zaman, kimya sənayesi başda olmaqla, bəzi sahələri «neft sektoru» bölməsindən sürüşdürüb «qeyri-neft sektoru» bölməsinə atmaqla, avtomatik olaraq, qeyri-neft ixracatının payını çox göstərdilər».

«BİRDƏFƏLİK HƏB DEYİL...»

M.Talıblının düşüncəsinə görə, sahibkarlara indiki güzəştlər ölkədə ixracatı artırmayacaq: «Uzaqbaşı, bəzi məhsulları maneəsiz ölkəyə gətirmək mümkün olacaq. Bu o deməkdir ki, qeyri-neft ixracatı sistemli islahatlar tələb edən iqtisadi siyasətin əsas elementi olmayınca, ondan kiçik bir dövr üçün ciddi nəticələr gözləmək sadəlövhlükdür. O, birdəfəlik atılan həb deyil».

Ekspert əmindir ki, güzəştlər siyasəti aparılsa da, hətta azad iqtisadi zonalar yaradılsa da, kiçik bir zaman dilimində ixracat problemini çözmək mümkün deyil: «Hökumət ixracatda nəyə öncəlik verəcəyini dəqiq bilməlidir. Barmaqla sayılan sahələri seçmək, onları ixtisaslaşdırmaq və beynəlxalq əmək bölgüsündə rolunu artırmaq lazımdır».