İyulun 22-də qlobal istilik rekordu yenə təzələnib

Tehranda taksi sürücüləri

İyulun 22-si dünya boyunca qeydiyyatların aparıldığı dövrdə, yəni 1940-cı ildən bəri ən isti gün olub.

Avropa İttifaqının Copernicus İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə həmin gün bütün Yer səthi boyunca temperatur 17.15 dərəcəyə çatıb.

Xidmət bundan əvvəl ən isti günün 21 iyul olduğunu bildirmişdi. Həmin gün orta qlobal temperatur 17.09 dərəcə olmuşdu.

Son günlərdə rekord istilər Yaponiya, İndoneziya və Çinin şəhərlərində qeydə alınıb. Antarktida, Afrikanın bir neçə rayonu, ABŞ və Kanadada da anomal istilər müşahidə olunur.

Fars körfəzi ölkələrində rütubəti də nəzərə alan istilik indeksi 60 dərəcəni keçib.

Avropanın bəzi hissələrində temperatur 45 dərəcəyə çatıb.

***

Avropa İttifaqının Copernicus İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə ötən bazar günü, iyulun 21-də indiyədək qlobal miqyasda qeydə alınmış ən isti gün olub.

Həmin gün Yer səthi üzrə orta temperatur müsbət 17.09 dərəcəyə çatıb. Bu, ötən il iyulun 17-də qeydə alınmış 17.08 dərəcədən azacıq çoxdur.

Ötən həftə isti hava dalğaları Birləşmiş Ştatların, Avropa və Rusiyanın böyük ərazilərinə yayılıb.

Copernicus xidməti Reuters agentliyinə bildirib ki, iyulun 21-də, belə görünür, ötən ilin orta temperatur rekordu aşılıb.

Xidmət Yer üzrə temperatur qeydlərini 1940-cı illərdən aparır.

Buna da bax: Türkmənistanda qızmar yay günlərində içməli su qıtlığı var

Bəzi alimlər 2024-dən yeni rekord gözləyirlər

Bu da xəbər verilir ki, ötən il, iyulun 3-dən 6-dək, dalbadal dörd gün ərzində rekord istilik qeydə alınıb.

Alimlər bunu mədən yanacağından istifadə nəticəsində Şimal yarımkürəsində baş verən iqlim dəyişikliyi və ekstremal istilərlə izah edirlər.

2023-ci ilin iyunundan 13 ay müddətində keçən dövr qeydiyyat aparılandan bəri əvvəlki illərlə müqayisədə planetin ən isti dövrü sayılır.

Bəzi alimlərin təxminlərinə görə 2024-cü il ən isti il kimi 2023-cü ilin rekordunu təzələyə bilər.

Buna səbəb olaraq iqlim dəyişikliyi və apreldə başa çatmış El Nino adlı təbii hava fenomeni göstərilir.