Ötən ay milli ədavətin qızışdırılması və dövlətə xəyanət ittihamı ilə həbs edilən 'Talış Milli Akademiyasının xəbərləri'nin baş redaktoru İqbal Əbilov bugün, avqustun 23-də valideynlərinə zəng vurub. Bu barədə AzadlıqRadiosuna onun atası Şahin Əbilov məlumat verib.
Atasının vurğulamasına görə, istintaq oğluna valideyinləri ilə əlaqə saxlamasına məhdudiyyət qoymuşdu:
“Məhdudiyyət götürülüb. Düzdür, hələlik, görüşməmişik,amma telefonla danışdıq”.
Atasının bu dediklərinə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
***
İyulun 31-də Bakı Apellyasiya Məhkəməsində 'Talış Milli Akademiyasının xəbərləri'nin baş redaktoru İqbal Əbilovun həbsindən verilən şikayətə baxılıb. Amma şikayət təmin edilməyib. Müdafiə tərəfindən verilən məlumata görə, o, ittihamları rədd edib.
“İqbal Əbilov bildirdi ki, o, sırf elmi fəaliyyət və tədqiqatla məşğul olub. O, ittihamı, ümumiyyətlə, başa düşmədiyini bildirdi”, – deyə vəkil Rövşanə Rəhimova qeyd edib.
Müdafiə tərəfi də hesab edir ki, ittihamın maddi hüquqi əsası yoxdur və yalnız istintaqın subyektiv fərziyyələrinə əsaslanır. Vəkil bildirib ki, Əbilovun hüquqlarının müdafiəsi və bərpası üçün bütün hüquqi addımlar atılacaq.
"Oğlum siyasətlə məşğul olmayıb"
İyulun 24-də Səbail rayon Məhkəməsi İ.Əbilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçmişdi. O, Cinayət Məcəlləsinin 283 (milli ədavətin qızışdırılması) və 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunur.
Onun atası Şahin Əbilov da deyirdi ki, İ.Əbilov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
O əlavə edib ki, oğlu uşaqlıqdan Belarusda yaşayıb: "Oğlum siyasətlə məşğul olmayıb. O, geniş elmi araşdırmalar aparıb. Onun tədqiqatları təkcə talışlarla bağlı deyil, Çindən Türkiyəyə qədər bütün geniş regiona aid olub".
Bəzi yaxınları isə onun həbsini müxtəlif milli azlıqlar, o cümlədən Azərbaycan talışları ilə bağlı araşdırmaları ilə izah edirlər.
Atasının və yaxınlarının bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Amma yerli saytlarda yer alan iddialara görə, İ.Əbilov üçüncü ölkə ərazisində məskunlaşıb xarici xüsusi xidmət orqanının tapşırıqlarını icra etməklə dövlətə xəyanətdə, Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndirilir.
DTX saxlayıb
Belarusdan Azərbaycana məzuniyyətə gələn Azərbaycan vətəndaşı İ.Əbilovu iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.
35 yaşlı İ.Əbilov virtual "Talış Milli Akademiyası"nın mətbu orqanı olan "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.
İ.Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.