İqtisadçı: '30 faizə kredit alan sahibkar necə qazansın ki...'

N.Əliyev

Əksər yerli iqtisadçılar ABŞ Federal Ehtiyat Sisteminin (FED) son qərarının manata təsir göstərəcəyini istisna edirlər.

FED 30-31 iyul tarixlərində 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq, illik 2-2.25 faiz səviyyəsinə endirib.

Qərar əksər analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Amma iqtisadçı Nemət Əliyev hesab edir ki, burada son məqsəd heç də dolların ucuzlaşması deyil: «Burada son məqsəd ABŞ iqtisadiyyatını pulla daha yaxşı şəkildə təmin etməkdir. Uçot dərəcəsi bir az endirilib. Bu isə ölkə iqtisadiyyatına daha çox investisiya yatırmaq, iqtisadiyyatı əlavə stimullaşdırmaq imkanı deməkdir. Bu, milli iqtisadiyyata əlavə təkandır. Elə uçot dərəcəsinin azaldılmasının məqsədi də budur».

Buna da bax: Ekspert: 'Məmur biznesi leqallığın tərəfində olmayacaq'

Bu qərarın qəbul edildiyi günlərdə neftin dünya bazarında təqribən 4 dollar dəyər itirməsinə gəlincə, N.Əliyev hesab edir ki, bu, yalnız dolların ucuzlaşması ilə bağlı deyil, burada digər səbəblər var.

Amma N.Əliyev də hesab edir ki, dolların ucuzlaşdırılmasının Azərbaycan valyutasına təsiri olmayacaq. Onun fikrincə, manat bazar iqtisadiyyatı qanunları ilə tənzimlənmir: «Amma bazar iqtisadiyyatı prinsipi ilə tənzimlənən milli valyutaların bu qərardan möhkəmlənə bilmək kimi bir imkanı var».

N.Əliyevə görə, Azərbaycan hökuməti ABŞ-da atılan bu addımdan nəticə çıxara bilər: «Azərbaycanda Mərkəzi Bankı uçot dərəcəsini 8.5 faiz səviyyəsində müəyyən edib. Hələ vaxt var idi, uçot dərəcəsi 15 faiz idi. Guya uçot dərəcəsini 8.5 faiz səviyyəsində saxlamaqla iqtisadiyyatı stimullaşdırmaq istəyirlər.

Buna da bax: Ekspert: 'Gömrük Komitəsinə ehtiyac yoxdur, AZAL isə…'

Əgər Mərkəzi Bank kommersiya banklarına 8.5 faizlə kreditlər verirsə, bu banklar da qazanmaq üçün üstünə 10-15 faiz əlavə edirlərsə, hansı stimullaşdırılmadan söhbət gedir? 30 faizə yaxın hədlə kredit alan sahibkar işi necə görsün, işçilərə necə maaş versin və özü necə qazansın ki, biznesini inkişaf etdirsin? Bu mənada iki tərəf arasında yerlə, göy qədər fərq var».

Xatırlatma

Rəsmi açıqlamaya görə, bu ilin 6 ayında ölkədə inflyasiya 2.5 faiz olub. Üstəlik, rəsmilər ölkədəki biznes şəraitini sahibkarlardan ötrü əlverişli sayırlar.

Azərbaycan manatının məzənnəsi son iki ildə dəyişməz qalmaqdadır. Hazırda 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

Müstəqil iqtisadçılar bunu manatın məzənnəsinin tənzimlənməsi ilə izah edirlər.

Azərbaycan Mərkəzi Bankın İdarə Heyəti isə sonuncu dəfə uçot dərəcəsini bu il iyulun sonunda endirib. Onda uçot dərəcəsi 8.5 faizdən 8.25 faizə endirilib. Faiz dəhlizinin yuxarı həddi 10.25, aşağı həddi isə 6.25 faiz səviyyəsində müəyyən edilib.