İran İsraili hava zərbələri ilə hədələyib

General Hüseyn Salami

Hərbi obyektləri atəşə tutulan İran İsraili cavab zərbələri ilə hədələyib. Bu hədələri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qərargah rəisi Hüseyn Salami dilə gətirib. O, oktyabrın 28-də deyib ki, İsrail iki gün əvvəlki hava zərbələrinə görə acı fəsadlarla qarşılaşacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü də rəsmi Tehranın İsrailə cavab vermək üçün əlindəki bütün vasitələrdən yararlanacağını söyləyib.

İsrail oktyabrın 26-da İranın hərbi obyektlərinə dəqiq və uğurlu zərbələr endirdiyini açıqlayıb və bunun oktyabrın 1-də İsrail ərazisinə buraxılan raketlərə cavab olduğunu deyib. İran da bəyan edib ki, onun raket hücumu İsrailin daha öncə İİKK-nın bir neçə yüksəkrütbəli zabitinin öldürülməsinə cavab idi.

Ekspertlər düşünürlər ki, bu yolla hər iki ölkə böyük savaşdan boyun qaçıra bilib.

Zərbələrdən öncə İsraildən xəbərdarlıq aldığını və atılan raketlərin çoxunun zərərsizləşdirildiyini bildirən İran dörd hərbçisinin həlak olduğunu da etiraf edib.

Ölkənin ali dini lideri Əli Xamenei zərbənin "yanlış hesablanmış" olduğunu desə də, ölkəsini cavab atəşinə səsləməyib.

H.Salami də Qəzza və Livanda İranın dəstəklədiyi qruplaşmalara qarşı müharibə aparan İsrailin son hava zərbələrini "yanlış hesablama və acizlik" göstəricisi adlandırıb.

Peyk görüntülərinə əsasən, İranın hədəfə alınmış hərbi bazalarına ziyan dəydiyi iddia edilir. İran sözügedən ziyan barədə iddiaları təsdiqləməyib.