Tehranda əsasən siyasi məhbusların saxlandığı Evin həbsxanasında yanğın olub

İranın paytaxtı Tehran

İran dövlət mediası əvvəlcə Evin həbsxanasındakı yanğında doqquz nəfərin xəsarət aldığı bildirsə də sonradan Ədliyyə nazirliyinə bağlı Mizan.news dörd məhbusun tüstüdən zəhərlənərək öldüyünü, daha 61 nəfərin isə yaralandığını bildirib.

Məlumatda ölənlərin dördünün də quldurluqda təqsirli bilinən məhbuslar olduğu bildirib.

Radio Farda xəbər verir ki, tanınmış kinorejissor Cəfər Pənahi oktyabrın 16-da Evin həbsxanasından həyat yoldaşına zəng edərək onun və kinorejissor həmkarı Məhəmməd Rasoulofun vəziyyətinin yaxşı olduğunu və hakimiyyət orqanlarının iğtişaşlar zamanı gözyaşardıcı qazdan istifadə etdiyini bildirib.

Buna da bax: İranda kinematoqrafçılar həbs edilib

***

Oktyabrın 15-dən 16-na keçən gecə Tehranda əsasən siyasi məhbusların və dissidentlərin saxlandığı Evin həbsxanasında güclü yanğın baş verib.

Hələki yanğının səbəbi məlum deyil. İranın rəsmi medaisı vəziyyətin nəzarət altında olduğunu yazır. Amma hadisə şahidlərinin sosial şəbəkələrdə paylaşdıqları videolarda təkcə yanğınsöndürən maşınların siqnalları deyil, həm də atəş səsləri eşidilir.

Buna da bax: İranda qadına qarşı ədəbsiz hərəkətin videosu hiddət doğurub

Tehranın Evin həbsxanası daha çox siyasi məhbusların, mülki fəalların, jurnalistlərin, eləcə də xarici vətəndaşların saxlandığı həbsxana kimi tanınır.

Hakimiyyətin nəzarətində olan medianın yaydığı məlumata görə, yanğın məhbusların iğtişaşı nəticəsində baş verib. Məlumatda o da vurğulanır ki, iğtişaş törədənlər siyasi məhbuslar deyil, xırda cinayətlərə görə məhkum olunanlardır. Yanğın nəticəsində 9 nəfərin xəsarət aldığı bildirilir.

Yayılan bəzi fotolarda məhbusların yanğından qaçaraq həbsxananın damına çıxdıqları görünür.

Tehranın Evin həbsxanası BMT və insan haqları təşkilatlarının hesabatlarında İran hakimiyyəti tərəfindən casusluqda ittiham olunan siyasi fəalların və əcnəbilərin məcburi saxlandığı yer kimi dəfələrlə xatırlanıb.

Bu həbsxanada məhbuslarla pis rəftar edildiyi barədə də çoxsaylı məlumatlar var.

Buna da bax: İranın kürd regionları etirazın episentrinə çevrilir

İranda etirazlar sentyabrın ortalarında kürd azlığından olan 22 yaşlı qadın hüquqları müdafiəçisi Məhsa Əmininin ölümündən sonra başlayıb. O, hicaba görə polis müavini tərəfindən saxlanılıb və döyülüb. Bir müddət sonra xəstəxanda vəfat edib.

Müxtəlif mənbələrin yaydığı məlumatlara görə, polislə toqquşmalarda 23-ü uşaq olmaqla azı 144 nəfər həlak olub.

Yüzlərlə etirazçı saxlanılıb, onların çoxu Evin həbsxanasına yerləşdirilib.

Bir həftə sonra İranın 30-dan çox şəhərində, o cümlədən ölkənin paytaxtı Tehranda etirazlar başlayıb. Etirazçılarda qadınların hüquqlarının qorunması, polis zorakılığına son qoyulması, İranın demokratikləşməsi və hökumətin istefası tələb edilir.