Keçmiş deputat, işadamı Nazim Bəydəmirli hesab edir ki, istehlak və gündəlik tələbat malları baxımından Azərbaycan idxaldan ən çox asılı ölkələrdən biri sayılır. O, AzadlıqRadiosuna əlavə edib ki, dünya iqtisadiyyatında böhranlar yarandıqda ən çox əziyyət çəkən belə ölkələr olur: «Ona görə ki, ixrac karbohidrogen ehtiyatlarından, neft-qazdan asılıdır, idxal isə istehsalı çox üstələyir».
İşadamı deyib ki, belə böhranlarda insanların gəlirləri çox azalır, hökumət əslində bunları qarşılamalıdır:
Buna da bax: Daha 29 şəxs yeni virusa yoluxub, 1-i də ölüb
«Daha çox problemi vətəndaşın üzərinə yükləmək cəhdi var»
«Prezident koronavirusun iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin görülməsinə 1 milyard manat ayırdı, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Amma müşahidə edilən odur ki, daha çox problemi vətəndaşın üzərinə yükləmək cəhdi var».
Hökumət nələri etməlidir
N.Bəydəmirliyə görə, dövlət ilkin olaraq gömrük prosesdurlarını daha da asanlaşdırmalı, bu rüsumları ya kifayət qədər aşağı salmalı, ya da ləğv etməli idi. O qeyd edib ki, hazırda əsas məhsullar üzrə gömrük idxal-rüsumları 15 faizdir. Onun fikrincə, büdcə xərclərini azaltmaq üçün rəsmi qurumları birləşdirmək və ya ləğv etməklə hökumət kiçildilməli idi:
«Çox təəssüf ki, Azərbaycanda məmur sahibkarlığı bu prosesdən yenə də faydalanmağa çalışır. Çünki mikro və kiçik sahibkarlıq, adətən, icarə obyektlərində yerləşir. İcarə obyektləri də əksərən məmur-sahibkarlara aid olur. Məsələn, Türkiyədə hazırda vergilər 2020-ci ilin noyabr ayına, icarə haqları isə 4 aya kimi ertələnib, icarəçini oradan çıxarmaq qadağan edilib».
«Adi maska, spirt, gigiyenik ləvazimatlar belə idxaldan asılıdır»
İşadamı vurğulayıb ki, Avropada, ABŞ-da fərdə, sahibkara yönəlik proqramlar həyata keçirilir, Azərbaycanda isə adi maska, spirt, gigiyenik ləvazimatlar belə idxaldan asılıdır.
Buna da bax: 1 milyarddan gözlənti: '...Kommunal limit ləğv edilsin'
N.Bəydəmirli hesab edir ki, gec də olsa, təcili gömrük rüsumlarını müvəqqəti dayandırmaq, əlavə dəyər vergisini (ƏDV) azaltmaq lazımdır. Onun fikrincə, qida məhsulları və gündəlik tələbat mallarının 80 faizi ölkəyə idxal edilirsə, bunu sonuncu mərhələdə ödəyən vətəndaşdır: «Əgər iş yerləri qapanırsa, ixtisara salınırsa, məhdudlaşdırılıbsa, vətəndaşın gəlirləri azalır. Təbii ki, bu, aclıq, səfalət deməkdir...».
«Bank faizləri kifayət qədər aşağı salınmalıdır»
İşadamına görə, bank faizləri də kifayət qədər aşağı salınmalıdır. N.Bəydəmirli deyib ki, Azərbaycan hökuməti iqtisadi fəaliyyəti artırmaq üçün bunu etməlidir. Onun fikrincə, amma Azərbaycan kimi qapalı iqtisadiyyatı, məmur sahibkarlığı olan ölkələrdə bunu etmək çətindir: «Bunun üçün məmur sahibkarlığı ləğv olunmalı, inhisarçılıq aradan qaldırılmalı, lisenziyalar asanlaşdırılmalı, bank faizləri, kommunal xidmətlərin ödənişi aşağı endirilməli, ya da ertələnməlidir...».
«...Dövlətin dilindən daha təsirli səslənir»
Prezidentin yaratdığı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc isə «Turan» agentliyinə deyib ki, hazırda Azərbaycan iqtisadiyyatında gedən prosesləri hakimiyyət diqqətlə izləyir: «Yəni, dövlət başçısı tərəfindən iqtisadiyyata stimul vermək üçün 1 milyard manatlıq məlum qərarın elan olunması özlüyündə güvənc və sabitlik hissini qoruyub saxladı. Orta məktəbdə dərs keçən 150 min nəfərdən çox müəllimin maaşları, 100 min nəfərə kimi həkim korpusunun dövlət ödənişləri yerində qalır. Büdcədən maliyyələşənlərin heç birində ixtisar və ya başqa hadisələr baş vermir. Belə olan halda «ixtisarlara getməyin» çağırışı dövlətin dilindən daha təsirli səslənir».
Buna da bax: A.Qeybulla: 'Aprel ayında çoxsaylı xəstələr üzə çıxsa,...'
«Nə qədər inteqrasiya olunmuşuqsa,...»
Amma Z.Orucun fikrincə, bu prosesdən ziyansız ötüşmək o demək olardı ki, Azərbaycan özünü dünya iqtisadiyyatından kənar qoyub: «Nə qədər inteqrasiya olunmuşuqsa, o qədər də bu proseslərdən təsirlənəcəyik. Bu da artıq hökumət tərəfindən qiymətləndirilməkdədir. Vətəndaşlar üçün 50 milyard dollardan artıq böyük valyuta rezervlərinə malik olan, son iki ildə iqtisadiyyatda böyük dəyişikliklərə gedən hakimiyyətin verdiyi mesajlar daha inandırıcıdır, daha əminlik yaradandır».
Deputat vurğulayıb ki, bu məsələdə nəqliyyat təsərrüfatı, günəmuzd çalışanlar, kənd təsərrüfatı və sənaye sahələrinin itkiləri var. Onun fikrincə, bu dövr bitən kimi ölkə öz ehtiyatları ilə sürətli şəkildə iqtisadiyyata ahəngdarlıq verərək təkrar bazis nöqtəsinə qayıda biləcək.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 21 min civarında şəxsin vəfat etdiyi bildirilir. Bu ara neftin də qiymətində ucuzlaşma baş verib.
Azərbaycanda indiyə qədər rəsmi şəkildə 122 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 15 nəfərinin sağalıb evlərinə buraxıldığı, 3 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı bir neçə min şəxsin karantində saxlandığı açıqlanıb.
Son həftələr isə dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.