Rusiyanın millətçi siyasətçisi Vladimir Jirinovski Yeni İl ərəfəsində, çox adamın sərxoş ola biləcəyi vaxtda Ukraynanı bombalamağa çağırıb.
Dövlət Dumasının deputatı və Rusiya Liberal Demokratik Partiyasının (LDPR) lideri dekabrın 27-də televiziyaya açıqlamasında bu haqda danışıb. Bu arada Qərb Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasının mümkün hücuma hazırlıq ola biləcəyini düşünür.
Buna da bax: ABŞ-Rusiya danışıqları yanvarın 10-da olacaqKobud bəyanatları ilə tanınan Jirinovski 1-ci Kanal-a deyib ki, prezident olsaydı, dekabrın 31-i gecədən yanvarın 1-i səhər 4-5-dək, “hamı sərxoş olanda” Ukraynanı bombalayardı.
“Kimsə onları cəzalandırmalıdır, kimsə onları qorxutmalıdır”, – Jirinovski deyib. O, bir gün öncə Rusiyanın Ukraynanı bütünlükdə ilhaq etməsini təklif edirdi.
75 yaşlı Jirinovski 1991-ci ildə LDPR-i formalaşdırandan sonra qalmaqallı bəyanatları ilə ad çıxarıb. 1990-cı illərin ortalarında o, Çeçenistan Şimali Qafqaz respublikasına qarşı nüvə silahlarından istifadəyə çağırmışdı. Siyasətçi bundan başqa, Alyaskanı zorla Birləşmiş Ştatlardan almağa, Moskvanın keçmiş sovet respublikalarına nəzarətini bərpa etməyə, Qazaxıstanı Rusiyaya birləşdirməyə səsləyib.
Buna da bax: Ağ Ev Putinin hər dediyinə reaksiya verməyəcəyini bildirib - Qərb mediasıÇeçenistanda qəddar idarəçiliyi ilə tanınan Ramzan Kadırov isə dekabrın 26-da deyib ki, Ukraynanın ilhaqına kömək etməyə hazırdır.
“Ukrayna bizim ölkəmizə, bizim ərazimizə ilhaq olunmalıdır”, – Kadırov vurğulayıb.
Birləşmiş Ştatlar və Avropa Rusiyanı Ukraynanı mümkün hücumla hədələməkdə suçlayır. Rusiya Ukraynanın Krım vilayətini ilhaq edib, səkkiz ilə yaxındır bu ölkənin şərqində separatçıları dəstəkləyir.
Rusiya isə hücum niyyəti olmadığını deyir, Ukrayna və NATO-nu provokasiyada ittiham edir.