Çeçenistanın qəddar idarəçiliyi ilə tanınmış lideri Ramzan Kadırov dördüncü vəzifə müddətinə and içərkən “insan haqlarını qoruyacağını” vəd edib. O, vaxtilə tənqidçilərini ölümlə hədələyirdi.
Kadırovun andiçməsi oktyabrın 5-də, 45-ci ad günündə keçirilib. İki həftə qabaq seçkidə onun səslərin 99.97 faizini yığdığı açıqlanmışdı.
Ancaq Rusiyanın bu regionunda seçki simvolik proses hesab olunurdu, çünki real rəqibi yox idi.
Buna da bax: Kadırov Zakayevi hədələyib: ‘Bir də atamın adını çəksən...’2007-ci ildən Çeçenistanı idarə edən Kadırov ətrafında şəxsiyyətə pərəstiş yaradıb. Rusiyanın və beynəlxalq insan haqları qrupları onun idarəçiliyi altında kobud insan haqları pozuntularının baş verdiyini bildirir. Buraya adam oğurluğu, məhkəmədən kənar qətllər, LGBT icmasının hədəfə alınması daxildir.
Kremlin tənqidçilərinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin Kadırovun ölkə konstitusiyasını pozmasına, iddia olunan pozuntularına göz yumur. Çünki Çeçenistanda separatçı əhvalın və zorakılığın nəzarətdə saxlanmasında ona etimad edir.
Çeçenistanda postsovet dövründə iki dağıdıcı müharibə baş verib, islamçı müqavimət hərəkatı isə Şimali Qafqazda digər müsəlman regionlarına da yayılıb.