“Kanal 13” internet tv qurumu noyabrın 24-də əməkdaşı Teymur Kərimovun də Bərdədə saxlanması, ona qarşı cinayət işi başlanmasını azad mediaya qarşı basqı adlandırıb.
Kanal bildirir ki, Teymur Kərimov Bərdə rayonunda şikayətlərlə bağlı çəkiliş apararkən Bərdə rayon polis şöbəsinin əməkdaşları onu saxlayıblar. O, bölməyə aparılarkən yol boyu polisin təzyiq və təhqirlərinə məruz qalıb:
"Şöbədə ona qarşı guya çəkiliş vaxtı orda olan bir nəfərə zor tətbiq etməsi ilə bağlı saxta ittiham irəli sürülüb və cinayət işi açılıb. Həmçinin jurnalistin kamerası əlindən alınaraq orda olan bütün görüntülər, o cümlədən jurnalistə qarşı zor tətbiq edildiyini göstərən kadrlar silinib. Əməkdaşımız bir neçə saat sonra sərbəst buraxılsa da ona haqqında açılan cinayət işi ilə bağlı təkrar polis şöbəsinə çağırılacağı bildirilib”.
“Kanal 13” bəyanatında ölkədə jurnalistlərin saxta ittihamlarla şərlənməsini, onların fəaliyyətinin qanunsuz yollarla məhdudlaşdırılmasını pisləyir. Daxili İşlər Nazirliyindən jurnalistin pozulan hüquqlarını bərpa etməyi xahiş edir.