"Kanal 13" internet televiziyası ilə əməkdaşlıq edən Şamo Eminovun həbs olunduğu bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Dürdanə Eminova məlumat verib. O qeyd edib ki, Ş.Eminov dekabrın 22-də saxlanıb: "Şamo bəy evdən müsahibə almaq üçün çıxıb, elə yoldan tutub aparıblar".
"Qorxumdan evdə yata da bilmirəm"
D.Eminovanın sözlərinə görə, elə həmin gün axşam evlərində axtarış aparılıb: "Mən evdən çıxıb qızımgilə getmişdim. Axşam mənə polisdən zəng gəldi ki, yoldaşınız buradadır, məndən onun diplomunu gətirməyimi istədilər. Mən də evə diplom götürməyə getdim, qapıdan içəri girəndə gördüm ki, yoldaşımın noutbuku yoxdur, ev dağınıq vəziyyətdədir. Bütün əşyalarını axtarıb töküblər. Qorxumdan evdə yata da bilmirəm".
D.Eminova bildirib ki, beş gün yoldaşının sonrakı aqibətindən xəbəri olmayıb: "Yalnız dünən, dekabrın 26-da iki-üç dəqiqəlik zəng vurdu, dedi ki, vəkil tutaq, qaçaqmalçılıqda ittiham olunur, barəsində 3 ay 5 gün müddətinə həbs-qətimkan tədbiri seçilib".
Bu açıqlamaya, hələlik, nə Daxili İşlər Nazirliyi, nə də başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olub.
Xatırlatma
"Kanal 13"ün digər əməkdaşı Rüfət Muradlı dekabrın 2-də kiçik xuliqanlıq və polisin əmrinə tabe olmamaq ittihamları ilə saxlanıb, 30 sutkalıq həbsə məhkum edilib. O, ittihamı qəbul etmir.
Kanalın rəhbəri Əziz Orucov isə noyabrın 27-də saxlanıb, onun evində və "Kanal 13"ün ofisində axtarış aparılmışdı. Daha sonra ona CM-in 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti...) maddəsi ilə ittiham verilərək haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Lakin sonradan ona əlavə, qaçaqmalçılıq ittihamı irəli sürülüb. Ə.Orucov da özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
Son iki ayda Azərbaycanda azı səkkiz jurnalist qaçaqmalçılıq və başqa ittihamla həbs edilib.
Rəsmilər Azərbaycanda jurnalistlərin sırf tənqidi yazı və araşdırmalarına görə həbs olunmaları barədə deyilənləri təkzib edirlər.