'Dedi, Leyla Əliyevanın bankıdır, bilmirsən?'

KapitalBank

«Deyir, «mən kiməm ki, adi bir bank işçisi... Bankın sahibi var. Bilmirsiz bura kimindir? «Paşa Holding» kimindir, bilirsiz?». Deyirəm, «hə, niyə bilmirəm ki, Leyla Əliyevanın». Deyir, «ay sağ ol, ağsaqqal. İndi de görüm mən kiməm ki? Mənə nə deyirlər, onu da edirəm»».

Novxanı sakini, təqaüdçü Mehrəli İskəndərovun təqdim etdiyi bu kiçik dialoq, iddiasına görə, «Kapitalbank»ın problemli kreditlər şöbəsinin Seymur adlı əməkdaşıyla baş verib.

«KARTDA QARA QƏPİK QOYMURLAR»

İki problemli kreditə görə «Kapitalbank» müsahibimin həyat yoldaşı Nəzakət İskəndərovanın kartını hər ay «silib süpürür». Özü də məhkəmə qərarı olmadan: «Yoldaşım o vaxt bir nəfərə zamin dayanmışdı. O adam yıxıldı öldü. Ancaq götürdüyü kreditin sığortası vardı. Bank işçiləri o vaxt dedilər ki, kredit sığortalı olduğundan silinib. İkinci kredit yoldaşımın özünündür. Vəziyyət pisləşdi, gecikdirmələr oldu. Bir də kartı bankomatda yoxlayanda baxır ki, boşdur. Araşdırdıq, məlum oldu ki, «Kapitalbank» tutub. Özü də bu tutulma qanunla aylığın 50 faizini təşkil edə bilər. Bunlarsa kartda qara qəpik də qoymurlar. Gələn pulu qəpiyinəcən özlərinə götürürlər. Nə xəbərdarlıq, nə məhkəmə qərarı... Getdim problemli şöbəyə ki, «axı məhkəmə qərarı olmadan nə ixtiyarla camaatın kartına girirsiz?» Bəlkə heç mən o qərarla razılaşmayıb qərardan şikayət edəcəm».

Buna da bax-Vaxtı keçmiş kredit problemi necə həll oluna bilər?

«NİYƏ GECİKMƏYƏ GÖRƏ BİZƏ FAİZ ÖDƏMİR?»

Mehrəli İskəndərovun sözlərinə görə, ona bankın prezidentin qızı Leyla Əliyevaya məxsus olduğunu və belə «xırda məsələlər»ə görə məhkəmələrdə vaxt itirmədiklərini deyiblər. Elə təqaüdçünü əsəbiləşdirən də bu olub: «Başa düşmürəm, təqaüdümüz günlərlə, elə vaxt olur ki, həftəylə gecikir, heç günahkar bizə bu gecikdirməyə görə faiz, cərimə ödəmir. Niyə ödəmir? Bax, bank niyə mənim təqaüdümü gecikdirəndə mənə cərimə ödəmir, üzrxahlıq eləmir? Ancaq vətəndaşın gecikdirməsinə görə, az qalır, vətəndaşın köynəyini də əynindən çıxarsın».

Qeyd edək ki, «Kapitalbank»ın yekun nəzarətçisi prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalardır. Bu haqda «Kapitalbank» 2014-cü ilə dair illik hesabatında yazıb. Ölkədə səkkiz bankın prezidentin ailəsinə məxsus olmasını Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) başlatdığı «Xədicə» layihəsi üzə çıxarıb və hakimiyyət bunu təkzib etməyib.

Buna da bax-'Kapitalbank' Əliyevlərə verildi, bəs Beynəlxalq Bank?

«ARAŞDIRILACAQ»

AzadlıqRadiosu «Kapitalbank»la əlaqə saxlayıb. Bankdan müştərinin əlaqə nömrələrini götürüb məsələni araşdıracaqlarını söyləyiblər.

«Kapitalbank»ın Marketinq və PR departamentinin direktoru Vüsal Nağıyevin bundan əvvəl «Bizim Yol» qəzetinə göndərdiyi rəsmi məktubda qeyd olunur ki, kredit borcunun həm onlayn qaydada, həm də borclunun öz yazılı razılığı əsasında onun maaş və ya pensiya kartı hesabından tutulmaqla ödənilməsi imkanı yaradılıb. Amma bundan ötrü müştəri qrafik üzrə aylıq ödəniş məbləğinin kart hesabına köçürülən əməkhaqqı və digər vəsaitlərdən akseptsiz silinməsinə etiraz etməməsi barədə banka rəsmi ərizə verir: «Bununla da Mülki Məcəllənin 964-cü maddəsinə uyğun olaraq, hesabından vəsaitin bank tərəfindən silinərək kredit borcunun ödənişinə yönəldilməsinə sərəncam vermiş sayılır. Beləliklə, aylıq kredit borcunun qrafik üzrə ödənişində gecikmə yaranarsa, borcun kart hesabından tutulmasına hüquqi əsas yaratmış olur».