Dartmut Konfransının hazırladığı sənədin əsas ideyası «addımbaaddım» prinsipi üzrə dinc nizamlamaya nail olmaqdır.
Dartmut Konfransı işçi qrupunun həmsədrləri olan amerikalı Harold Sonders və rusiyalı Vitali Naumkin çərçivə sazişini 2001-ci ildən indiyə qədər keçirilən doqquz görüşün nəticələrinə əsasən hazırladıqlarını bildiriblər. Bu görüşlərdə Azərbaycan, Dağlıq Qarabağ və Ermənistandan olan ictimaiyyət nümayəndələri və politoloqlar da iştirak ediblər.
Harold Sonders ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin müavini olub və Yaxın Şərq nizamlanmasında iştirak edib. İndi irəli sürülən «step by step» – «addımbaaddım» prinsipindən vaxtilə Yaxın Şərq nizamlanması üzrə Kemp-Devid sazişi prosesində də istifadə olunub.
Dartmut Konfransının keçirdiyi görüşlərin əksəriyyətində iştirak edən politoloq Eldar Namazov deyir ki, həmin tədbirlərin bir neçəsində Azərbaycan və Ermənistan nümayəndələri bəzi təkliflərlə razılaşmayıb müzakirələri tərk etsələr də, sonda hazır olan çərçivə sazişinə tərəflərin hər hansı iradı olmayıb. Politoloqa görə, burda söhbət Azərbaycanla Ermənistan arasındakı sazişdən yox, münaqişənin həllinə yanaşmadan gedir. Çərçivə sazişinin müəllifləri nizamlanmanın «mərhələli» və «paket» prinsipləri arasında kompromis yanaşma tapmağa çalışıblar.
Eldar Namazov deyir ki, bu yanaşmada müəyyən yeniliklər var. Ən əsası isə sənəddə Dağlıq Qarabağa «aralıq statusu» verilir: «Əgər Azərbaycanla Ermənistan arasında işğal olunmuş ərazilərin azad olunması haqda bir saziş imzalanacaqsa, bu sazişin müəyyən bir hissələrini Dağlıq Qarabağda yaşayan erməni icması da yerinə yetirməlidir. Deməli, həmin insanların müəyyən bir statusu olmalıdır ki, onlar bu sazişin həyata keçirilməsində iştirak etsinlər. Buna da «aralıq statusu» deyirlər. Bu, hüquqi bir status deyil».
Politoloq bu ideyanın həyata keçmə şansının 10 faizə yaxın olduğunu bildirir.
Eldar Namazov deyir ki, çərçivə sazişi ATƏT-in Minsk Qrupu həmsədrlərinə təqdim olunub və onda olan məlumata görə, amerikalı və rusiyalı həmsədrlər hazırlanan sənədi müsbət qiymətləndiriblər. Politoloq əlavə edir ki, Bakı və Yerevanın mövqeyi hələ ki, məlum deyil, əgər hər iki tərəfin reaksiyası müsbət olsa, onda bu ideyanın həyata keçmə şansı arta bilər.
"Ayna-Zerkalo" qəzetlərinin şərhçisi Rauf Mirqədirov hesab edir ki, Dartmut Konfransının hazırladığı layihə "mərhələli" həlli nəzərdə tutan nizamlama variantının bir növ təkrarıdır. Sadəcə, burda bir sıra yeni terminlərdən – "addımbaaddım" taktikasından, «mərhələ» və «ilkin sazişlər», «aralıq statusu» kimi terminlərdən istifadə olunur: ««Mərhələli» variant bu və digər şəkildə Azərbaycanda bütün siyasi qüvvələr tərəfindən demək olar ki, dəstəklənir. Prinsipcə, bu məqbuldur».
Ancaq Rauf Mirqədirov Ermənistanın həmin şərtləri qəbul edəcəyinə az inanır.
Müəlliflər saziş layihəsini Azərbaycan Xarici İşlər Nazirliyinə martın 28-də verdiklərini bildiriblər. Amma nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə hələ həmin sənədlə tanış olmadığını söyləyir.