Azərbaycanda karantin gələn ilə qədər uzadılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu? (Arxiv)

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 yanvar saat 06:00-dək uzadılsın", - qərarda yazılıb.

Bundan əvvəl xüsusi karantin rejimi oktyabrın 1-nə kimi uzadılmışdı.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Bəzi müxalifət partiyalarının rəhbərləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir.

Prezident İlham Əliyev isə bu həftə Milli Məclisdə çıxışında bu məsələni təhlükəsizlik amili ilə izah etdi: "Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilir. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır.

ÜST ötən il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.