Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb, toylara dair tələb ləğv edilir.
Nazirlər Kabineti bugün, iyunun 20-də “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il sentyabrın 1-i saat 06:00-dək uzadılıb.
Bəzi mədudiyyətlə götürülür
2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilir:
- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;
- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir.
Bu müddət ərzində yoluxma sayından asılı olaraq bəzən rejim sərtləşdirilsə də, yenidən yumşalmalar olub.
Amma ölkənin qonşuları ilə quru yolla gediş-gəlişə hələ də icazə verilmir.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6,3 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə indiyə kimi 800 minə yaxın insanın bu visusa yoluxduğunun aşkarlandığı, onlardan 9 min 700-dən çox şəxsin vəfat etdiyi bildirilib.