Kəlbəcər rayonunda piyadalar əleyhinə minaya düşən 4 nəfəri təxliyə etmək üçün hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb.
Onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.
Bu haqda Baş Prokurorluq və Müdafiə Nazirliyi məlumat yayıb.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparıldığı deyilir.
Bundan əvvəl verilən xəbərdə dekabrın 14-də axşam saatlarında Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət aldığı bildirilirdi.
Bu haqda “Turan”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Hazırda polis əməkdaşlarının aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb edildikləri deyilir.
Azərbaycan rəsmilərinin verdiyi məlumata görə, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 260-dan çox şəxs minaya düşüb.
Onlardan 45-nin həlak olduğu bildirilir.