'Azərbaycan ordusunun mövqeləri atəşə tutulub'

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı da, Yerevan da sərhəd üçün SSRİ xəritəsinə razıdır. Amma mübahisə qalır: hansı ilin xəritəsi?

Azərbaycanın Kəlbəcər və Tovuz rayonları ərazisində mövqelərinin atəşə tutulduğu bildirilir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (AMN) fevralın 15-i səhər saatlarında məlumat yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq öz mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində Azərbaycan ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bildirildiyinə görə, fevralın 15-i saat 01:40 radələrində isə Ermənistandan Azərbaycanın Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Nazirlik qeyd edir ki, onlar da adekvat cavab tədbirləri görüblər.

Hələlik, bu açıqlamaya Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Son həftə Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı bir neçə dəfə məlumatlar yayılıb. Tərəflər buna görə bir-birlərini ittiham ediblər.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.