Sədərək bazarında keyfiyyətli ev tekstili axtaranlar bahalıqdan, satıcılar isə gömrük rüsumlarına görə qiymətləri qaldırmağa məcbur olduqlarından şikayətlənirlər. Nəticədə, alıcılar əliboş gedir, satıcılar isə bazarın olmamasından şikayətlənir.
Türkiyədən tekstil idxal edən Ramin Quliyev deyir ki, gətirdiyi malın 36 faizi qədər gömrükdə pul ödəyir.
Buna da bax: ‘Gilan’ın biznesi çiçəklənir
Namiq adlı tekstil idxalçısı isə deyir ki, xaricdən geyim gətirəndə gömrükdə hər kiloqramına 3 dollar ödəyirlər, ev tekstilinə isə 5-7 dollar alınır. Fərqin səbəbini də anlamır.
Əslində ev tekstili və geyim idxalına fərqli rüsumlar qoyulmayıb. Nə hikmətdirsə, gömrükdə fərqli hesablanır.
İdxalçılar və satıcılar problemin səbəbi barədə açıq danışmağa çəkinsələr də, onların problemləri yerli istehsalçı Gilanın ev tekstili istehsalı ilə birgə başlayıb. Yerli istehsalın yenicə başladığı vaxtlarda idxalçılara qoyulan tələblər daha ağır imiş. Adını deməyə və çəkilişə razılıq verməyən bir idxalçı deyir ki, əvvəllər gətirilən malın həcminin yarısı qədər Gilandan mal almalıymışlar. Tələb Gömrük Komitəsində qoyulurmuş.
«Biz hər cür tekstil gətirirdik. Sonra monopoliya yaratdılar. Dedilər ki, Gilanın mallarından almalısız - əlli əlliyə. Bakıda Gömrük İdarəsində tələb edirdilər. Öz yaxınları üçün problem yox idi, problem bizlərə aid idi. 50000 dollarlıq mala 25000 dollarlıq Gilandan mal almalı idik».
Buna da bax: Çörəyi çörəkdən çıxanlar: Hansı zavodun işi 'yağ kimi gedir'?
İdxalçı deyir ki, yerli malın keyfiyyəti pis olduğundan, bu şərtlər onlar üçün çox ağır olub. Amma sonra bu tələb aradan qalxıb. Əvəzində gömrük rüsumunu qaldırıblar. İdxalçının sözlərinə görə, yerli istehsalçı - Gilan indi inkişaf edib və malını ixrac etməyə başlayıb.
Gilan Holdinqin 99,5 faizi Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən Sahra FZCO və Şams Al Sahra FZCO şirkətlərinə aiddir. Bu iki şirkətə isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Tale və Nicat sahiblik edirlər.
Heydərov nazir postuna təyin olunmamışdan əvvəl Gömrük Komitəsinin sədri vəzifəsini tutub. Gömrük komitəsinin indi də fövqəladə hallar nazirinin təsir dairəsində olduğu deyilir.
Buna da bax: Azərbaycanın məşhur holdinqləri hərəyə bir yeni şirkət qurub
Gilan Holdinq son illərdə inzibati rıçaqlardan və dövlətin güzəştlərindən, sərmayəsindən geninə boluna faydalanaraq pambıqdan tutmuş tekstilədək bütün sənayeni nəzarətə götürüb.
Holdinqin ən son qazancı Mingəçevir Sənaye Parkıdır.
«Mən keçən il Mingəçevir Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalamışam. Müəyyən vəsait ayrılıb ki, bu ərazidə təmizlik işləri aparılsın. Artıq bütün hazırlıq işləri görülüb və bu gün biz bu böyük, genişmiqyaslı layihəyə start veririk».
Bu sözləri prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının (MSP) açılış mərasimində söyləyib.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir
İndi məlum olub ki, MSP «Gilan Holding» şirkətlər qrupu tərəfindən qurulurmuş. Doqquz zavodun tikiləcəyi bu sənaye parkının sərmayəçisinin adı neçə vaxtdır ki gizli saxlanılırdı.
Buna da bax: Qəbələ sakini: 'Sözüm Kəmaləddin Heydərovadır...'
MSP-nin Mingəçevir şəhəri və ölkədə sənayenin inkişafında yerindən, burada buraxılacaq məhsulların idxalı əvəz edəcəyindən danışan prezident həm də bəyan etmişdi ki, yeni sənaye parkının qurulması «onu göstərir ki, ölkəmiz investisiyalar üçün çox cəlbedici ölkədir». Amma sirli investor haqda bir kəlmə də olsun deyilməmişdi.
Sirr pərdəsi
2015-ci ilin fevralında «Mingəçevir-Toxucu» ASC-nin yerləşdiyi torpaq sahəsində yaradılan MSP-də tikintisinə 60 milyon manat, avadanlıq və dəzgahların alınmasına 150 milyon ABŞ dollarından çox investisiya qoyulacağı elan edilmişdi. Böyük dövlət dəstəyi alan və burada zavodlarını qurduqdan sonra 7 il vergi ödəmədən fəaliyyət göstərəcək şirkətin adı bugünədək sirr pərdəsi altında saxlanır. Halbuki, son illər ölkədə dövlətin dəstəyi ilə yaradılan bütün sənaye və texnologiyalar parklarının rezidentlərinin adları məlumdur.
Parkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin görülməsi
İqtisadiyyat Nazirliyinin tabeliyindəki «Sumqayıt Kimya Sənaye Parkı» MMC-yə (SKSP) həvalə olunub. Lakin nazirlik AzadlıqRadiosu-nun investorun kimliyinin açıqlanmasına dair sorğusunu cavabsız qoydu. İndi bunun səbəbləri məlum olub. Park bir başqasına deyil, oliqarx məmurlardan birinə bağlı olan şirkətə verilibmiş. Özü də başqa alternativ layihələr müzakirə olunmadan.
Buna da bax: Gilan Holding-in çoxuşaqlı “qızı” [Interaktiv xəritə]
2013-cü ildə işə düşən «Mingəçevir planı»
Sərmayəçinin adı təsadüf nəticəsində aşkara çıxıb. Vergilər Nazirliyi kommersiya təşkilatlarının dövlət reyestr məlumatlarının «Vergilər» qəzetində dərc edir. Bu qəzetin xüsusi buraxılışlarından birində göstərilir ki, 31 avqust tarixində hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 olan «Mingəçevir Tekstil» MMC təsis olunub. Bu ünvanda «Gilan Holding» MMC-nin baş ofisi yerləşir. Yeni müəssisənin rəhbəri də bir başqası deyil, holdinqin rəhbəri Cəmil Tahir oğlu Muradovdur. Yeni şirkət prezidentin Mingəçevirə səfərindən 21 gün öncə qurulub. Onun kapitalına ana şirkət 1000 manat qoyub.
Sentyabrda zavodların təməli qoyularkən layihə rəhbəri kimi təqdim olunan Mehriban Axundova da Gilan-da çalışır. O, holdinqin Sumqayıtdakı Tekstil Parkına rəhbərlik edir.
Mingəçevir sənaye parkının bünövrəsi ötən ilin sentyabrında qazılsa da, onun «ilk daşı» xeyli əvvəl Sumqayıtda qoyulmuşdu. Bu şəhərdə Gilan-ın tekstil parkının prezident İlham Əliyevin iştirakı ilə rəsmi açılışı zamanı, hələ 2013-cü ilin mayında bildirilmişdi ki, «Mingəçevirdə də sənaye parkının yaradılması istiqamətində tədbirlərə başlanılıb və layihələr üzərində iş aparılır».
Buna da bax: 'Gilan' dörd daşınmaz əmlak şirkəti qurub
İnvestor üçün əlverişli şərait yaradılıb İki il sonra, 2015-ci il fevral ayının 26-da Mingəçevir Sənaye Parkı yaradıldı. Bu məqsədlə «Mingəçevir-Toxucu» Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi dayandırıldı, müəssisə ləğv edildi. Özəlləşdirilsəydi, yeni sahibi onun səhmlərinə görə dövlətə, ən azı, nizamnamə kapitalı qədər – 1,3 milyon manat ödəməli olacaqdı.
Keçmiş SC-in 14,8 hektar torpaq sahəsi icarə hüququ ilə SKSP-nin daimi istifadəsinə verildi. Başqa sözlə, torpağın icarə haqqını burada zavodlar quran şirkət yox, dövlət qurumu olan SKSP ödəyəcək.
Yeni sənaye parkının yaradılması işində dövlətin dəstəyi bununla bitmir. Elə həmin gün, fevralın 26-da prezident İlham Əliyevin imzaladığı başqa bir sərəncamla Mingəçevir toxuculuq kombinatının ərazisindəki «bina və qurğuların sökülməsi, xarici və daxili infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün» dövlət büdcəsindən İqtisadiyyat Nazirliyinə 2 milyon manat ayrıldı.
Buna da bax: Heydərovlarla bağlı holdinq şişir
Sənəddə bu vəsaitinin ilkin olaraq ayrılması xüsusi qeyd olunurdu. Çünki, yeni qurulan sənaye parkında elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya və rabitə xətlərinin çəkilməsi, nəqliyyat və yanğından mühafizə, istehsal, inzibati, sosial və digər infrastruktur obyektlərinin tikintisini də dövlət öz boynuna götürmüşdü. İki milyon manatın kifayət etməyəcəyi, bundan daha çox sərmayənin yatırılmasına ehtiyacın olduğu əvvəldən məlum idi. Bütün bunları isə parkın investoru deyil, dövlət ödəyəcəkdi. İqtisadiyyat Nazirliyi sənaye parkında bu işlərin görülməsi üçün çəkilən xərcləri və sərmayə ehtiyacını açıqlamır.
Gilan milyonlara hara yatıracaq?
«Gilan» isə Mingəçevirlə bağlı planlarını artıq elan edib. Vəd edilir ki, Sənaye parkında Avropa və Yaponiya avadanlığı və texnologiyası əsasında pambıq iplik (ildə 30 min ton), akril iplik (3 min ton) və yun iplik (3 min ton) buraxılacaq. Bundan başqa, sənaye parkında corab (70 milyon cüt) və ayaqqabı (1,5 milyon cüt) istehsalı nəzərdə tutulub. Burada həm də toxuma (15 milyon metr), parça boyama, tikiş (2 milyon ədəddən çox geyim məhsulu) və tibbi kosmetika (55 milyon ədəd steril pambıq, tibbi sarğı bezləri və bandajları, qulaq təmizləmə çöpləri və makiyaj bezləri) fabrikləri tikiləcəyi bildirilir.
Parkda qurulacaq zavodların idxalı əvəz edən məhsullar istehsal edəcəyi, burada ilkin mərhələdə 2 min yeni iş yerinin açılacağı, bütün fabriklər qurulduqdan sonra isə işləyənlərin sayının 5500-ə çatacağı deyilir.
Buna da bax: Azərbaycanın da investisiya fondu olacaq - 'Gilan Holdinq'lə bağlı
Ekspert: «Bu, böyük kapitalın maraqlarına xidmət edən prosesdir»
Azərbaycanda sənaye parkları üçün layihə seçimi üsulunun doğru olmadığı qənaətini AzadlıqRadiosu ilə bölüşən iqtisadçı Qubad İbadoğlu hesab edir ki, subyektivliyin aradan qaldırılması və rəqabət mühitinin yaradılması üçün müsabiqələr təşkil olunmalıdır.
«Bir bazar seqmentində bütün müəssisələri eyni şirkətin nəzarətə götürməsi və həmin bazarda bir şirkətin hökmran mövqeyə sahib olması dövlətin rəqabəti deyil, inhisarçılığı himayə etməsi deməkdir. Pambıqçılıq və tekstil sektorunda baş verənlər sahibkarlığın deyil, böyük kapitalın maraqlarına xidmət edir və bu, yanlış yanaşmadır».
İqtisadçının fikrincə, bu prosesdə açıq seçim imkanlarının olmaması sahibkar təşəbbüslərinin məhdudlaşdırıldığı və bazara girişə maneələrin yaradıldığı haqda mülahizə yürütməyə əsas verir.
Buna da bax: Heydərovlar Britaniyadakı bizneslərini əldən verdilər
Azərbaycanda gizli sövdələşmələr, Rusiyada A. Ulyukayev təcrübəsi
Qubad İbadoğlu ötən ilin noyabrında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin iki şirkət arasında səhm alış-verişinə müsbət rəy verməyə görə 2 milyon ABŞ dolları məbləğində rüşvət almaqda ittiham olunaraq həbs edildiyini xatırladır. O, bu fikirdədir ki, Azərbaycanda belə məsələlər «hakimiyyətin maraqları çərçivəsində» həll olunduğu üçün dövlət resurslarına çıxış imkanının müsabiqə və hərraclar yolu ilə deyil, ictimaiyyətə açıqlanmayan digər yollarla verilməsi normal qarşılanır. «Buna görə də başqa ölkələrdən fərqli olaraq nazir səviyyəsində rüşvət qalmaqalları haqda eşitmirik», deyə iqtisadçı fikrini tamamlayıb.
Pambıq bazarı bir əldə
Ekspertlər deyirlər ki, MSP-nin «Gilan Holding» MMC-yə keçməsi ilə qrupun pambıq istehsalı, emalı və hazır məhsul istehsalı sahəsində inhisarçı mövqeyi daha da möhkəmlənəcək. Şirkətin Sumqayıtda parça toxuma, boyama və tikiş fabriklərindən ibarət tekstil müəssisəsi var. Bu zavodların tikintisində və avadanlıqların alınmasında ucuz dövlət kreditlərindən istifadə olunub. Holdinq pambıq tədarükü və emalı, eləcə də tekstil sənayesi ilə məşğul olan «MKT İstehsal Kommersiya» MMC-nin təsisçilərindəndir. Bu şirkət isə ölkədəki 14 pambıqtəmizləmə zavoduna nəzarət edir. Bir neçə pambıqtəmizləmə zavoduna sahib olan «Azərcot» və «CTS-Agro» şirkətləri də 2015-ci ildən onun nəzarət dairəsinə daxil olub.
Buna da bax: Pambıq əkənlərə yardımlar artıb
Prezident tələsdirir
MSP-nin tikintisi prezident İlham Əliyevin nəzarətindədir. Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında o, fevral ayında burada «bütün inşaat işlərinin başlanması» haqda göstəriş verib.
Prezident İlham Əliyev MSP açılışında deyib ki, yeni tekstil müəssisələrinin xammalı da Azərbaycan istehsalçılarından gələcək. İlham Əliyev:
"Yaxşı bilirsiniz ki, son müddət ərzində Azərbaycanda pambıqçılığın inkişafına böyük təkan verildi. Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində biz əkin sahələrini təxminən 3 dəfə artıra bilmişik. Gözlənilən məhsul isə bu il keçən ilə nisbətən 3 dəfə artıq olacaq. Gələn il isə bu ilə nisbətən 8-10 dəfə artıq olacaq və pambıq ipliyi fabrikinin xammal bazası Azərbaycan pambığıdır".
Pambıq istehsalını stimullaşdırmaq üçün ötən ildən dövlət subsidiyası verilir. Prezident İlham Əliyev ötən il onun çağırışı ilə vüsət alan pambıq yığımı iməcliklərinin "Gilan"ın xammal ehtiyaclarının ödənməsində nə kimi rol oynayacağı barədə danışmayıb. Görünən budur ki, Gilan Holdinq ölkədə pambıq inhisarçısına dövlət dəstəyi və idxalçılara yaranan problemlər hesabına çevrilir.