Vəkil kibercinayətkarlıqla bağlı ölkə rəhbərliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcək.
Noyabrın 2-də vəkil Elçin Sadıqov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) hədələndiyini bildirib.
Vəkilin deməsinə görə, idarədən jurnalist Fikrət Fərəməzoğlunun cinayət işi üzrə sənədləri götürərkən iş üzrə müstəntiq nəzarət buraxılış məntəqəsində ona hədə-qorxu gəlib.
“Mənə bildirdi ki, Fikrət Fərəməzoğlunun həyat yoldaşı ilə birgə idarənin əməkdaşları barədə məlumat yaymağımız sizə baha başa gələcək”, deyən vəkil günorta saatlarında onun və F.Fərəməzoğlunun həyat yoldaşı barədə şantaj məzmunlu xəbərlər, habelə şəxsi həyat məzmunlu bilgilər yayıldığını bildirib.
Buna da bax: Fikrət Fərəməzoğlunun istintaqı başa çatıb
E.Sadıqovun bildirdiyinə görə, belə xəbərlər reytinqinfo.az saytı və Facebook şəbəkəsi üzərindən yayımlanıb, onun saxta profilləri yaradılıb.
Bunu kibercinayətkarlıq sayan vəkil ölkə rəhbərliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcəyini qeyd edib. O, hesab edir ki, baş verənlər peşə fəaliyyəti ilə bağlıdır.
Vəkil barəsində xəbər yayan reytinqinfo.az saytının sahibləri isə (“Reytinq” qəzeti) sayta haker hücumu olduğunu, xəbərin sayta yerləşdirilməsindən xəbərsiz olduqlarını açıqlayıb.
Vəkil bundan əvvəl açıqlamasında hazırda həbsdə olan jurnalist Fikrət Fərəməzoğlunun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiqlərlə üzləşdiyini bildirmişdi.
Üstəlik, o qeyd edirdi ki, “Nardaran işi”ndə adı keçən əməliyyatçılar jurnalistə işgəncə veriblər.
Buna da bax: Fikrət Fərəməzoğlunun ittihamları ağırlaşdırıldı
“Cinayət işi materiallarına baxış zamanı məlum oldu ki, F.Fərəməzoğluna qarşı əməliyyat keçirən və onun tutulmasında iştirak edənlər “Nardaran işi”ndə adları hallanan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməliyyatçıları İbrahim Kazımov və İslam Ağabəyov olublar. Fikrət Fərəməzoğlu məhz həmin əməliyyatçılar tərəfindən işgəncəyə məruz qalması faktı ilə bağlı Baş prokurorluğa ifadə verib”, vəkil bildirib.
“Nardaran işi”ndə tutulan dindarlar da məhkəmədə ifadələrində BMCMİ-in əməkdaşları İbrahim Kazımovla İslam Ağabəyovun işgəncələri və təhqirləri ilə üzləşdiklərini bildirmişdilər. Ancaq hər iki əməliyyatçı məhkəmədə zərərçəkən kimi ifadə verəndə işgəncə ilə bağlı ifadələri təkzib etmişdilər.
Vəkilin bu gün, noyabrın 2-dəki açıqlaması ilə bağlı, hələlik, jurnalistin işini aparan müstəntiqdən isə münasibət almaq mümkün olmayıb.
Buna da bax: '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'
Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb. DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul tələb edib.
Jurnalistin vəkili ittihamlarla razılaşmadıqlarını açıqlayıb. Əgər ittihamlar sübut olunarsa jurnalistə əmlakı müsadirə edilməklə 10 il həbs cəzası verilə bilər.