►Azərbaycanda ənənəvi kitabxana əhəmiyyətini itirir
“Bir kənddə 3 oxucu ayağı dəyməyən kitabxana olmağındansa, biri olsun, amma müasir tələblərə cavab versin”.
Bunu Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova AzadlqRadiosuna müsahibəsində deyir. Onun sözlərinə görə, ölkədə belə kitabxanaların sayı çoxdur:
“İki il əvvəl Maliyyə Nazirliyi kitabxanalarda monitorinq aparanda nəticə onları narazı salmışdı. Yəni bəzi kitabxanaların oxucuları azdır, tədbirlər keçirmirlər, imza günləri təşkil etmirlər, yerli müəllifləri dəvət etmirlər. Biz də tez-tez monitorinq aparırıq, üzə çıxan fakları ört-basdır eləmirik, əksinə, deyirik, çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Kitabxana 21-ci əsrə uyğun olmalıdır”.
“Kitabxanaların dislokasiyası düzgün aparılmayıb”
Mədəniyyət və Turizm Nazirliyinin ölkədə 800-dən çox kitabxananı birləşdirib və bağladığını deyən Lətifə Məmmədova əlavə edir ki, indi ölkədə kitabxanaların yerləşməsi ilə bağlı dünya standartlarına uyğun iş aparılır:
“Sovet dövründə kitabxanaların dislokasiyası düzgün aparılmayıb. 30-50 ev olan kənddə 2-3 kitabxana olub, bu kitabxanalar çox pis, miskin binalarda yerləşib, oxucuların da sayı az olub”.
Buna da bax: Kağız, yoxsa elektron kitab? (Müzakirə)
Sizin brauzer HTML5-i dəstəkləmir
Lətifə Məmmədova artıq kitabxana işində elektronlaşdırma, informasilayaşdırma işinin sürətləndiyini vurğulayır.
Belə ki, 2008-ci ildə heç bir kitabxananın veb-saytı olmayıb, amma indi bütün kitabxanaların veb-saytı yaradılıb, elektron kitabxanalar var.
Ölkədəki 2 min 800-ə yaxın kitabxanadan biri, Respublika Gənclər Kitabxanasına üz tuturuq. Oxucusu varmı? Oxucular istədikləri kitabları tapa bilirlərmi?
Daha kitabxanada kitab oxumurlar
Bakının Yasamal rayonunda yerləşən və 130 min kitabın saxlandığı kitabxanada kitabxanaçılardan başqa kimsə yoxdur. Oxu zalının qapısı bağlıdır.
Kitabxananın müdiri Tahir Sadıqov deyir ki, indi kitabı oxu zalında oxumaq istəyən oxucular yoxdur, daha çox götürüb evdə oxumağa üstünlük verirlər. O, əsas oxucularının gənclər olduğunu söyləyir:
“Kitabxana Yasamal rayonunda, universitet və kolleclərin daha çox olduğu ərazidə yerləşir. Əsasən, tələbələrlə işləyirik. Əgər oxucu gəldiyi kitabxanadan axtardığı kitabları tapmasa, bir də o kitabxanaya gəlməyəcək. Əlbəttə, ola bilər ki, istədiyi kitab bizdə olmasın. İndi elə bir sistem yaradılıb ki, o sistemə daxil olmaqla bizdə olmayan kitabın hansı kitabxanada olduğunu görə və bu barədə oxucuya məlumat verə bilirik”.
Gənclər kitabxanasından 900-ə yaxın kitabın elektron mətnini veb-sayta girməklə oxumaq olar. Kitabxana həm də bəzi kitabların CD –sini hazırlayıb, arzu edən qoltuğunda kitab yox, CD disk apara bilər. Amma bu elektron mətnlər nə dərəcədə oxucuların tələblərinə uyğundur, onu sifarişlər bəlli edə bilər.
Tahir Sadıqov isə bizi kitabxananın oxucu girməyən bölmələrinə aparır, hər biri haqqında məlumat verir:
“Kitablarımız, əsasən, rus və Azərbaycan dilindədir. Ən çox da elmi ədəbiyyatdır, dərsliklərdir. Amma bədii ədəbiyyatımız da var”.
Bu əsnada iki qızın kitab qaytardığını görürük. Tibb kollecinin tələbələridirlər, biri “Tibb bacısının məlumat kitabını”, digəri Çingiz Abdullayevin kitabını qaytarır.
___________________________________________________________
Bunlara da bax:
___________________________________________________________
Oxucu Əsmər Bağırova deyir ki, adətən, dərslikləri götürürlər, amma tətildə bədii ədəbiyyat üçün də kitabxanaya gəlirlər. Ancaq axtardıqları bir dərsliyi bu kitabxanada tapmayan tələbələr başqa kitabxanaya üz tutacaqlar.
“Kitabxanaları elektronlaşdırma xilas edə bilər”
Kulturoloq Aydın Xan Əbilovun fikrincə, işçisi 120-180 manat maaş alan kitabxanaları dünya səviyyəsinə qaldırmaq inandırıcı görünmür. Onun sözlərinə görə, informasiya-texnologiya əsrində ənənəvi kitabxanaların getdikcə öz əhəmiyyətini itirməsi gözlənəndir, ancaq kitabxanalar özünü bu axına uyğunlaşdırmaqla xilas edə bilər.
“Gücü elektron kitabxanalara vermək lazımdır. Mövcud ədəbiyyatlar elektronlaşmalıdır və bazası hər kəsə açıq olmalıdır. Hətta latın qrafikasına keçid zamanı bəzi kitabxanalarda kiril əlifbası ilə olan kitabları məhv elədilər Halbuki, o kitabları latın əlifbasında elektronlaşdırmaq mümkün idi”, - kulturoloq əlavə edir.
Onun sözlərinə görə, nazirlik müəyyən qonorar hesabına yeni çıxan kitabların da elektron variantını əldə edib bazaya yükləməklə kitab almağa imkanı çatmayan yüzlərlə oxucunu təmin edə bilər.
Buna da bax...
Sizin brauzer HTML5-i dəstəkləmir