Ukrayna avqustun 29-da ölkənin müstəqilliyi uğrunda canını qurban verənlər üçün anım günü keçirdiyi bir vaxtda Rusiya Kiyevə və ölkə boyunca yeni zərbələr endirir.
Son dörd gündə Ukrayna paytaxtına üçüncü irimiqyaslı hücum gerçəkləşdirilib, Kiyev üzərində azı 10 Rusiya dronu vurulub. Bu barədə şəhər administrasiyası məlumat yayıb.
Kiyev hərbi administrasiyasının başçısı Sergey Popko yazıb ki, bu dəfə yalnız hücum PUA-larından istifadə olunub, hücum Ukraynanın Xerson vilayətinin işğal altında olan hissəsindən və Rusiyanın Kursk vilayətindən gerçəkləşdirilib.
Popkonun sözlərinə görə, dron qalıqlarının səbəb olduğu yanğın söndürülüb, itkilər, maddi ziyanla bağlı məlumat yoxdur.
Ukraynanın Hava Qüvvələr isə avqustun 29-da səhər Ukrayna ərazisində Rusiyanın iki raketinin və 60 dronunun vurulduğunu bildirib.
Bir gün öncə Ukraynanın Donetsk və Zaporojye vilayətlərinə hücumlarda azı doqquz nəfər öldürülmüşdü.
Bu gün həm də Ukraynanın Müdafiəçilərini Anım Günü keçirilir.
10 il əvvəl Donetsk vilayətinin İlovaysk şəhəri uğrunda döyüşlərdə Rusiya əsgərləri yüzlərlə ukraynalı əsgəri qətlə yetiriblər. 2014-cü il avqustun 24-də əsgərlər Rusiyanın mühasirəyə aldığı şəhərdən çıxmağa başlayanda Rusiya ordusunun dinc keçidlə bağlı vədlərinə baxmayaraq, qətlə yetiriliblər.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Oleksandr Sırski deyib ki, bu tarix təcavüzkar Rusiyanın xəyanətinə dair əbədi xəbərdarlıqdır.
"İlovaysk təkcə Ukrayna tarixinin faciəvi hadisəsi deyil, həm də Ukraynanın ram edilməzliyinin bir səhifəsidir", – o deyib.
Ukrayna Baş Qərargahı avqustun 29-da bildirib ki, ötən gün Rusiyada neft depoları və sursat anbarına üç dron zərbəsinin arxasında onlar dayanıb.
Rusiyanın Ukrayna ilə həmsərhəd Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov avqustun 29-da deyib ki, Ukraynanın zərbələrindən bir nəfər öldürülüb, ikisi yaralanıb.