Kiyevdə raket zərbələrindən zərər çəkən istilik sisteminin tam bərpa edildiyi bildirilir

Ukrayna

Hərbi mənbələrin məlumatına görə, cümə günü Rusiyanın Kiyevə atdığı 40 raketdən 37-si məhv edilib

Rusiyanın Kiyevə son raket hücumlarından zərər çəkən istilik təchizatı sistemi tam bərpa edilib. Bu barədə məlumatı paytaxtın meri Vitali Kliçko Telegram kanalında yazıb:

“Bütün istilik təchizatı mənbələri normal işləyir”.

Buna da bax: ABŞ Rusiyanın Ukraynadakı hərbi cinayətlərini sənədləşdirəcək

RBC Ukraynanın məlumatına görə, dekabrın 16-da Rusiya hərbçiləri Kiyevə 40 raket atıb, onlardan 37-si hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Hücumdan sonra elektrik enerjisinin kəsilməsi səbəbindən Kiyevdə su və istiliklə bağlı problemlər yaranıb.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü axşam müraciətində Rusiyanın zərbələrindən sonra ölkənin enerji strukturunun yenidən qurulmasından danışıb.

"Gün ərzində təxminən 6 milyon ukraynalının elektrik enerjisi təminatı bərpa edilə bilib. Hazırda təmir işləri fasiləsiz davam edir", - Zelenski bildirib.

Buna da bax: Azərbaycan və daha 3 ölkə yaşıl enerjinin inkişafı və ötürülməsi sazişini imzalayıb

BBC Rus xidmətinin yazdığına görə, enerji infrastrukturunun cümə günü Rusiya tərəfindən atəşə tutulması nəticəsində Ukrayna istehlakçıların təxminən yarısı işıqsız qalıb. O cümlədən, Xarkov və Xarkov vilayətində tamamilə enerji kəsilib, Kiyev əhəmiyyətli dərəcədə zərər çəkib.

Oktyabrın ortalarından Rusiya ordusu müntəzəm olaraq Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələr endirir.

Nəticəsində ölkənin bütün iri istilik elektrik stansiyaları və su elektrik stansiyaları zədələnib.
Rusiya prezidenti Vladimir Putin dekabrın 7-də İnsan Hüquqları Şurasının üzvləri ilə onlayn görüşündə Rusiyanın Ukraynanın kritik infrastrukturuna, o cümlədən elektrik stansiyalarına və elektrik xətlərinə raket zərbələri endirdiyini etiraf edib və belə obyektləri qanuni hədəflər adlandırıb.

Buna da bax: Parlament xarici ölkə parlamentlərinə Laçın yolundakı vəziyyətlə bağlı müraciətlər göndərib

Bir gün sonra Kremldə “Qızıl Ulduz” medalı mərasiminin iştirakçıları ilə danışan Putin Müdafiə Nazirliyinin enerji obyektlərinə zərbələr endirməsini Ukrayna hərbçilərinin hərəkətlərinə cavab adlandırıb.

Ukrayna mülki infrastrukturun bombalanmasını müharibə cinayəti kimi qiymətləndirir. Bu səbəbdən ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın Ukraynaya qarşı hərəkətlərini soyqırım kimi tanıyan qətnamə qəbul edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.