'The Times'ə görə, Kiyevin Zaporojye AES-i geri almaq cəhdi uğursuz olub

AES

Hələki bu məlumatı Kiyev və Moskva şərh etməyib

Ukrayna hərbçilərinin Rusiyanın ələ keçirdiyi Zaporojye atom elektrik stansiyasını (AES) azad etmək cəhdi uğursuz olub.

Britaniyanın “The Times” nəşrinin yazdığına görə, ötən il oktyabrın 19-na keçən gecə 600-ə yaxın ukraynalı hərbçi 30 qayıqla Dneprdən keçməyə cəhd etsə də, Rusiya hərbçiləri tərəfindən güclü müqavimətlə rastlaşıblar.

Buna da bax: Ukraynada az qala nüvə fəlakəti ola bilərmiş

“Biz yaxınlaşmağa başlayanda onlar hətta tankları və artilleriyanı da çəkib suyun üstündə bizə atəş açmağa başladılar”, - adının açıqlanmasını istəməyən bir ukraynalı əsgər britaniyalı jurnalistlərə deyib.

Məlumatda iddia olunur ki, ukraynalı xüsusi təyinatlıların katerləri Dneprdən keçərkən Ukrayna hərbçiləri paralel olaraq HIMARS da daxil olmaqla, Rusiya hərbçilərinin mövqelərini atəşə tutublar.

"Nəhayət, Ukrayna əsgərlərinin yalnız kiçik bir qrupu sahilə çata bildi. Onlar Enerqodarın kənarında rus ordusu ilə üç saatlıq atışmada oldular, lakin sonra geri çəkilməyə məcbur oldular", "The Times" yazır.

Buna da bax: Zaporojye AES-in sonuncu işləyən bloku da dayandırılıb

Yazıda həmçinin qeyd edirlər ki, radiasiya sızması riski səbəbindən hərbi hücum cəhdi hətta Zaporojye AES-in Kiyevin nəzarətinə qaytarılmasının zəruriliyinə əmin olan Ukrayna rəsmiləri arasında da suallar yaradır.

“Enerqoatom”un rəhbəri Petr Kotin hesab edir ki, stansiyanın atəşə tutulmadan işğalçılardan azad olunmasının yeganə variant Ukrayna qoşunlarının Krım və Melitopol istiqamətində irəliləməsi olacaq.

Hələki bu məlumata Kiyev və Moskvanın mövqeyi bəlli deyil.