'Azərbaycan mediasında Ermənistana təhdidlər qəbuledilməzdir' - Klaar

Toyvo Klaar

Azərbaycan mediasında Ermənistana təhdidlər qəbuledilməzdir, - Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi Toyvo Klaar X-də yazır.

"Azərbaycanın media kanallarında Ermənistana təhdidlər qəbuledilməzdir. Sərhədin delimitasiyası üzrə həqiqi danışıqlara ehtiyac var, bütün ərazi mübahisələri sülh yolu və razılaşdırılmış prosesin bir hissəsi kimi həll edilməlidir", - Klaar bildirib.

Aİ nümayəndəsi hansı təhdidlərdən bəhs etdiyinin detallarına varmayıb.

Bakı Yerevandan Tavuş rayonu ilə Qazax rayonu sərhədindəki dörd kəndin dərhal geri qaytarılmasını tələb edir.

Ermənistan baş naziri Nikol Paşinyanın sözlərinə görə, Azərbaycanın iddia etdiyi dörd kənd - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı, Almatı bəyannaməsinə əsasən, de-yure onların ərazisində deyil.

Bakı Klaarın bəyanatını tənqid edib və onu qərəzdə günahlandırıb.

"… Yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur", - Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə X-dəki hesabında yazıb.

A.Hacızadə qeyd edib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.