Sentyabrın 23-də Yerevanda onun hazırda ölkədə olmamasına və prokurorların onun və başqa üç müttəhimin barəsində yeni ittiham irəli sürməməsinə baxmayaraq keçmiş prezident Robert Koçaryanın məhkəməsi işə başlayıb.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Koçaryana qarşı ittihamlar 2008-ci ildə seçki sonrası zorakılıqlarla bağlı irəli sürüləcək. Koçaryan və keçmiş baş qərargah rəisi Armen Gevorkyan, habelə təqaüddə olan iki ordu generalı bu ittihamlarla bundan əvvəl də mühakimə olunublar, lakin sonradan, 2021-ci ilin aprelində onların barəsində “konstitusiya quruluşunu zorla devirmək cəhdi” ittihamı götürülüb.
Buna səbəb Ermənistan Konstitusiya Məhkəməsinin qərarı idi. Qərarda deyilirdi ki, Koçaryan və başqalarının Cinayət Məcəlləsinin bu maddəsi ilə ittiham olunması Ermənistan Konstitusiyasına ziddir.
Buna da bax: Azərbaycanın AİHM qərarlarını necə icra etməsinə baxılıbBundan əvvəl
Prokurorlar bu xitam qərarından apellyasiya vermişdilər. Onlar deyirdilər ki, müttəhimlərin 2008-ci ilin mart hadisəsinə görə səlahiyyətlərini aşma maddəsi ilə ittiham olunmasına imkan verilməlidir.
Lakin Apellyasiya Məhkəməsi xitam qərarını qüvvədə saxlamış, prokurorlar daha yüksək instansiya olan Kassasiya Məhkəməsinə üz tutmuşdular. Kassasiya Məhkəməsi öz növbəsində bu ilin martında Konstitusiya Məhkəməsinə müraciət etmişdi.
Konstitusiya Məhkəməsinin iyul ayında verdiyi hökmdə deyilirdi ki, Ermənistan Prosessual Məcəlləsi prokurorlara eyni müttəhimləri fərqli maddə ilə ittiham etmək hüququ verir.
Bu hökmə əsaslanan Kassasiya Məhkəməsi birinci məhkəmə instansiyasına yeni mühakiməyə başlanması üçün tapşırıq verib.
Bundan əvvəl Koçaryanın vəkillərindən Hayk Alumyan demişdi ki, Konstitusiya Məhkəməsi keçmiş prezidentin “siyasi motivlərlə təqibinin bərpa olunmasına” imkan yaradıb.
Buna da bax: Vardanyan Bakı həbsxanasından Paşinyanın bəyanatına cavab veribHələ ki, rəsmi ittiham yoxdur
Lakin sentyabrın 23-də keçirilən ilkin dinləmədə məlum olub ki, prokurorlar hələ ki, müttəhimlərə qarşı yeni ittiham irəli sürməyiblər.
Məhkəməd' iştirak edən müttəhimlərdən biri – keçmiş müdafiə naziri Seyran Ohanyan iddia edib ki, bu məhkəmə Ermənistan hökumətinin Koçaryandan və onun yoldaşlarından “siyasi qisas” almaq məqsədilə “siyasi təqibidir”.
Prokurorlar işdə hər hansı siyasi motivin olmasına dair iddiaları rədd edirlər. Koçaryan və başqalarına qarşı cinayət işi 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndən az sonra başlanıb.
Paşinyan 2008-ci ilin qanlı hadisələri baş verəndə müxalifətin əsas fiqurlarından biri idi. O sözü gedən hadisələrlə bağlı elə həmin il məhkum edilib və iki il həbsxana cəzası çəkib.
Buna da bax: Paşinyan KTMT-ni ‘Ermənistan üçün təhlükə’ adlandırdı1 mart 2008-ci il hadisəsi
Ermənistan Xüsusi İstintaq Xidməti 2018-ci ilin 26 aprelində Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ittihamını irəli sürmüşdü.
Robert Koçaryan 2008-ci il martın 1-də baş vermiş qanlı hadisələrdə ittiham edilirdi.
Keçmiş prezident bu ittihamın “qondarma və siyasi motivli” olmasını bəyan etmişdi.
Ermənistanda 2008-ci ilin prezident seçkisindən dərhal sonra, fevralın 19-dan başlayaraq minlərlə insan seçki nəticələrinə etiraz edirdi.
Əsasən prezidentliyə namizədlərdən biri, keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdarlarından ibarət etirazçılar başqa bir əslən qarabağlı Serj Sarkisyanın saxtakarlıqla qalib gəldiyini bildirirdilər.
Tənqidçilərin fikrincə, bu seçkidə hakimiyyət faktiki olaraq Qarabağ klanının bir nümayəndəsindən başqasına ötürülürdü.
Nəhayət günlərlə davam edən etirazların əsnasında, martın 1-də polis və təhlükəsizlik qüvvələri gecələri Azadlıq meydanında qurulmuş çadırlarda keçirən etirazçılara dəyənəklər və elektroşokla hücum etmişdilər.
Belə bir ehtimal da irəli sürülürdü ki, etirazın yatırılması üçün Yerevana Qarabağdan separatçı ordunun birləşməsi gətirilmişdi.
Toqquşmalar zamanı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdu. 200-dən çox nümayişçinin xəsarət aldığı və yaralandığı xəbər verilirdi. Xeyli sayda insan yoxa çıxmışdı.
Hadisənin ardınca Levon Ter-Petrosyan faktiki olaraq ev dustağı edilmişdi. Hələ də prezident kürsüsündə qalan Robert Kocharyan fövqəladə vəziyyət elan etmişdi.