AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə, ölkənin əsas müxalifət partiyası – Hayastan fraksiyasının deputatı bildirib ki, təşkilat arxiyepiskop Baqrat Qalstanyanın antihökumət hərəkatına sadiq qalır.
Kristine Vartanyan avqustun 26-da Azatutyuna deyib ki, keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyası Qalstanyanın planlaşdırdığı etiraz aksiyalarını dəstəkləyəcək.
Azatutyun yazır ki, Vartanyan və Hayastan fraksiyasının başqa nümayəndələri ötən həftə Yerevan yaxınlığındakı kurortda görüşərək növbəti addımlarını müzakirə ediblər.
Koçaryanın iki gün davam edən bu tədbirdə iştirak etdiyi bildirilir.
Amma Vartanyan bunu da deyib ki, son iki ildə çox nadir hallarda bəyanatlar verən keçmiş prezident bu xüsusda heç bir tapşırıq verməyib və tərəfdarları ilə yalnız fikir mübadiləsi keçirib.
“Bizim konsensusa əsaslanan yanaşmamız hazırda ə\limisdə olan vasitəlrədən mümkün qədər fəal istifadə etməkdir”.
Vartanyanın sözlərinə görə belə vasitələrdən biri də keşiş Qalstanyanın yeni aksiyalarına dəstək verilməsidir.
Qalstanyan yeni nümayişlərə sentaybr ayında başlayacağını bəyan etmişdi.
Buna da bax: Paşinyan yenə də Müstəqillik Bəyannaməsindən danışıbKoçaryanın partiyası nəyə ümid edir?
Azatutyun yazır ki, ötən apreldə Paşinyanın sərhəd ərazisindəki dörd kəndi Azərbaycana qaytarmaq qərarından alovlanmış etirazlar çox tezliklə genişlənmiş və Qalstanyan tərəfdarları ilə birlikdə Yerevana yürüş keçirmişdi.
Qalstanyan əvvəlcə mitinqlərdə Ermənistanın Azərbaycana torpaq güzəştlərini tənqid etsə də, nəhayət may ayından baş nazir Nikol Paşinyanın istefasını tələb etməyə başlamışdı.
Etiraz hərəkatına başçılıq edən Qalstanyanın yaxın çevrəsinə ən azı iki Hayastan deputatı daxildir.
Keşiş son həftələrdə Ermənistanın bir sıra regionlarına səfərlər edərək Pşinyanın devrilməsi üçün təbliğat kampaniyası aparıb.
Vartanyan israr edir ki, hazırda Ermənistanda hakimiyyət dəyişikliyinə çox böyük ictimai dəstək var:
“Mən əminliklə deyə bilərəm ki, ictimai əhval-ruhiyyə 2020, 2021 və 2022-ci olduğundan köklü şəkildə fərqlidir”.
Buna da bax: Putin Paşinyana Əliyevlə danışıqları barədə məlumat verib
Bəs arxiyepiskop nə deyir?
Arxiyepiksop Nikol Paşinyanı Azərbaycana birtərəfli ərazi güzəştləri etməkdə ittiham edir və onun istefasına çağırır.
Avqustun 4-də Şirak mərzinə səfəri zamanı Azatutyuna müsahibə verən Qalstanyan deyib ki, Paşinyanı istefaya məcbur edəcək kampaniya sentyabrın əvvəllərində başlanacaq.
Azatutyunun yazdığına görə arxiyepiskop heç bir spesifik aksiyadan danışmayıb, lakin deyib ki, kampaniyanın ikinci mərhələsi küçə etirazları ilə deyil, tərəfdarların müzakirələri ilə başlanacaq.
Keşiş Paşinyanı nəzərdə tutaraq deyib ki, “antixrist” hakimiyyətdən “xoşluqla” getməlidir.
Qalstanyan bildirib ki, mübarizə metodları dəyişdiriləcək, çünki onlar hökumətin sərt hərəkətlərindən nəticə çıxarıblar.
Buna da bax: Paşinyandan müsahibə alan 'ispan jurnalist' Rusiya casusuymuş?İqtidar narahat deyil
Keşiş onun antihökumət hərəkatının zəiflədiyinə dair iddiaları bir daha rədd edib. O iddia edib ki, hərəkata “daxildən və xaricdən” dəstək artıb.
Azatutyun yazır ki, bu yaxınlarda ölkə regionlarına səfər edən baş nazir Nikol Paşinyan, sakinlərdən, o cümlədən sərhədyanı ərazilərin sakinlərindən böyük dəstək alıb. Baş nazir Qalstanyanın dediklərini şərh etməyib.
Paşinyanın siyasi tərəfdarları keşiş Qalstanyanın başçılıq etdiyi hərəkatın zəiflədiyini iddia edirlər.
Baş nazirin “Vətəndaş müqaviləsi” partiyasından millət vəkili Arpi Davoyan Azatutyuna deyib ki, Qalstanyanın etirazlar barədə yeni bəyanatları hakimiyyəti narahat etmir:
“Mən uğur qazana bilməyən bir keşişin Ermənistan rayonlarını gəzməsindən, saxta və yalan məlumatlar yaymasından niyə narahat olmalıyam?”
Buna da bax: Belarusun Yerevandakı səfirliyinə yumurta, kartof, pomidor atdılarXatırlatma
Erməni Kilsəsinin arxiyepiskoplarından Baqrat Qalstanyan ötən aprel ayında sərhəd bölgələrində bəzi sakinlərin Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyasından narazılığından istifadə edərək tərəfdarları ilə birlikdə Tavuşdan Yerevana yürüş edib.
O Ermənistan paytaxtında keçirdiyi bir neçə mitinqdə demarkasiyadan narazılıq barədə söz salmayıb, baş nazir Nikol Paşinyanın istefasını tələb edib.
İyunun 12-də keçirilən mitinqdə iştirakçılar polislə toqquşmuş, onlardan bəziləri parlamentin və hökumətin binalarına daxil olmağa çalışmışdılar.
Polis etirazçılara qarşı səs qumbaralarından istifadə etməklə izdihamı dağıdıb.
Bundan sonra Qalstanyan fəal etiraz aksiyalarından geri çəkilib və bəzi müxalifət liderlərini ona dəstək verməməkdə ittiham edib.
Hakimiyyət Qalstanyanın “Vətən naminə Tavuş” hərəkatının zəiflədiyini bildirir.