Füzuli rayonunun Horadiz şəhəri, 21 kəndi, Ağdam rayonunun yeddi, Cəbrayıl rayonunun isə bir kəndində (2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı) daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən dayandırılıb.
Bu barədə "Turan"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, amma qalan məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi davam edəcək. Onların hələ üç il müavinət alacaqları gözlənilir.
Məcburi köçkünlər üçün yemək xərci, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. Müavinətin məbləği qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 33 və 60 manat məbləğində müəyyən olunub.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.
Azərbaycan münaqişə dövründə təqribən 20 faiz ərazisinin, Ermənistan isə bəzi kəndlərinin işğal edildiyini bildirib.
2020-ci ildə 44 günlük müharibə və ötən ilin sentyabrında bir günlük hərbi əməliyyat nəticəsində rəsmi Bakı bütün ölkədə suverenliyini bərpa etdiyini açıqlayıb.
Bakı Qarabağda bir günlük əməliyyatı "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib.
Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.