ABŞ prezidentinin iqlim siyasəti üzrə baş müşaviri Con Podesta (John Podesta) insan haqlarının müdafiəsi üçün Azərbaycan hakimiyyətinə təzyiqlərə çağıran məktubun Dövlət Departamentində yazılmasına dair rəsmi Bakının iddialarını təkzib edib.
Oktyabrın 11-də Bakıda keçirdiyi brifinqdə "Turan"ın xahişi ilə bu ittihamları şərh edərkən o deyib ki, ABŞ demokratiyasının gücü hakimiyyətlərin bölünməsindədir.
"Bizdə bərabər hakimiyyət qolları var. ABŞ-də prezident və icra hakimiyyəti Konqresə nəzarət etmir. Bu demokratiyamızın güclü olmasının səbəbidir. Konqresmenlər düşündüklərini deyirlər. Bizim fikirlərimiz isə hamıya məlumdur. Konqresdəki insanların hərəkətlərinə nəzarət etməyimiz haqda iddialar əsassızsır, bizim sistemə ziddir. Onların müstəqil statusu var", - Podesta vurğulayıb.
Oktyabrın 10-u və 11-də Bakıda BMT-nin İqlim Konfransına hazırıq məqsədi ilə Pre-COP29 tədbiri keçirilib. COP29 bu il noyabrın 11-dən 22-dək Bakıda təşkil ediləcək. C.Podesta Pre-COP29 tədbirlərinə qatılıb.
4 oktyabr
Prezident Əliyev ABŞ konqresmenlərinin Blinkenə çağırışı barədə: 'İradəmizə təsir edə bilməz'
ABŞ-nin 60-dək konqresmeni oktyabrın 3-də dövlət katibi Antoni Blinkeni gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırıb.
"Reuters" yazır ki, 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla qrup Blinkenə Azərbaycana bütün siyasi məhbusların azad edilməsi üçün "hiss olunacaq" tədbirlərin görülməsi və Ermənistana qarşı provokativ bəyanatların verilməsinin dayandırılması üçün təzyiq göstərilməsinə çağırış edib.
"COP29 Azərbaycan" "Reuters"in sorğularına hələ ki cavab verməyib.
Ancaq Azərbaycan prezidenti konqresmenlərin müraciətinə münasibət bildirib. AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə bu barədə danışıb. "Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz", - prezident vurğulayıb.
Prezidentin sözlərinə görə, həmin müraciətə baxdıqda təxmin edib ki, bunun müəllifi də, ünvanı da birdir: "... Məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün".
Hələlik, bu açıqlamaya ABŞ Dövlət Departamentindən münasibət bildirilməyib.
Sonuncu dəfə A.Blinken ilə İ.Əliyev arasında sentyabrın 16-da telefon söhbəti olub. Tərəflər regional və ikitərəfli əməkdaşlıq, o cümlədən Azərbaycanın beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməsinin vacibliyini müzakirə ediblər.
Bakı onlarla erməni əsiri azad etmişdi
Ötən il Dubayda keçirilən COP28 iqlim konfransında BMT tədbiri üçün ev sahibliyini qəbul etdiyini bildirən Bakı demişdi ki, iki tərəf arasında əldə olunmuş razılaşmaya əsasən, Ermənistan onun ev sahibliyinə etiraz etmir.
Bakı Yerevanın bu hərəkətinə cavab olaraq onlarla erməni əsiri azad etmişdi.
Bir sıra beynəlxalq təşkilatlar ölkədə insan haqlarının bərbad olmasına görə COP29-a ev sahibliyinin Azərbaycana verilməsini tənqid edirlər.
Azərbaycan rəsmiləri isə bildirirlər ki, ölkədə insan haqları qorunur və azadlıqlar təmin edilir.