Bu gün, iyulun 2-də Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Məlumatda qeyd edilir ki, son elmi araşdırmaların nəticəsinə və bir sıra ölkələrin vaksinasiya təcrübəsinə əsaslanaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası bir sıra qərarlar qəbul edib:
"1. Xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda "İmmunitet sertifikatı"nın müddəti 6 ay uzadılacaq".
Habelə, peyvəndlənmiş vətəndaşlar ikinci dozanı aldıqlarından 6 ay keçdikdən sonra tibbi göstərişlərə uyğun COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda "Vaksin sertifikatı"nın müddəti 6 ay uzadılır.
Məlumata görə, sözügedən şəxslər randevu.its.gov.az saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb. Bu şirkətə 9 milyon sifariş verildiyi bildirilir. İndiyə kimi ölkədə birinci mərhələdə 3.5 milyon, hər iki mərhələdə isə 1.3 milyon şəxsin peyvənd olunduğu açıqlanıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.9 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. İndiyədək Azərbaycanda isə ümumilikdə 336 min 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 975-nin vəfat etdiyi açıqlanıb.