Teymur Musayev: ''Omikron' ştammının Azərbaycana gəlməsi…'

COVID-19

"Azərbaycanla həmsərhəd olan ölkələrdə koronavirus infeksiyasının "Omikron" ştammı qeydə alınıb və yayılmaqda davam edir. Ona görə də "omikron" ştammının Azərbaycana gəlməsi və yayılması zamana bağlı olan məsələdir".

Bunu dekabrın 28-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

Nazirin birinci müavini bildirib ki, yeni ştamm ölkədə qeydə alınarsa, müəyyən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə əl atılacaq.

377 yeni yoluxma aşkarlanıb

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə bu gün, dekabrın 28-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində danışıb.

Y.Qarayeva əlavə edib ki, Azərbaycanda indiyə qədər 600 mindən çox şəxsin bu virusa yoluxması qeydə alınıb, onlardan da 8 mindən çoxu (son gündə 16 nəfər) vəfat edib. Onun sözlərinə görə, ikiillik dönəmdə ən yüksək yoluxma 2020-ci ilin noyabr-dekabr aylarında qeydə alınıb: "Son üç ayda ən yüksək yoluxma yenə də noyabrda olub".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.