136 yoluxma, 3 ölüm

Arxiv foto

Son gündə Azərbaycanda koronavirus infeksiyasına daha 136 yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və 3 nəfər vəfat edib.

Bu barədə bu gün, mayın 17-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, vəfat edənlər koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü şəxslərdir:

“Hazırkı dövrədək ölkəmizdə 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”

Qərargahdan vurğulandığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 232.077 test aparılıb.

Azərbaycanda ilk dəfə koronavirus infeksiyasına yoluxma halının aşkarlandığı fevralın 28-də açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 4 milyon 750 min 403 şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 313 min 805 şəxsin vəfat etdiyi açıqlanıb.