Ukrayna Rusiyanın desant gəmisini partlatdığını bildirir

Feodosiya limanına raket hücumu

Rusiya ordusu Ukraynanın şərqində Maryinka şəhərini ələ keçirdiyini iddia edib. Bu isə Donetsk vilayətində irəliləməkdən ötrü yeni dəhlizin açılması deməkdir.

Müdafiə naziri Sergey Şoyqu dekabrın 25-də televiziya ilə yayımlanan görüşdə prezident Vladimir Putinə şəhərin tutulması haqda məruzə edib.

Kiyev iddianı təkzib edərək bildirib ki, qoşunları bu dağılmış, demək olar, tərk edilmiş şəhərə üç "uğursuz" hücumu dəf edib.

Xəbər təsdiqlənərsə, bu, Moskvanın maydan bəri cəbhədə ən əhəmiyyətli uğurlarından biri ola bilər.

Maryinka

+++

Ukrayna ordusu dekabrın 26-da Telegram postunda Feodosiya limanının qanadlı raketlər ilə yerli vaxtla gecə saat 3:30-da vurulduğunu yazıb.

Rusiya rəsmiləri və şahidlər də limanda bir neçə partlayış olduğunu təsdiqləyiblər. Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, "Novoçerkassk" Ukrayna raketi ilə vurulub, amma əlavə bilgi verilmir.

"Feodosiya ərazisinə düşmən hücumu baş verib. Liman bağlanıb. Hazırda partlayışlar dayandırılıb, yanğının qarşısı alınıb", - Krıma Rusiyanın təyin etdiyi başçı Sergey Aksyonov Telegram-da yazıb.

O, bir nəfərin öldüyünü, iki nəfərin yaralandığını qeyd edib.

Xəbər təsdiqlənərsə, Novoçerkassk gəmisinin dağıdılması Rusiyanın Qara dəniz donanması üçün ciddi zərbə olacaq. Bir neçə raket və dron zərbələrindən sonra donanma Krımda və ətrafında əməliyyatları onsuz da məhdudlaşdırmağa məcbur olub.

Sentyabrda Ukrayna Britaniyanın verdiyi qanadlı raketlər ilə Rusiyanın Sevastopol yaxınlığındakı tərsanədə bir gəmisini və bir sualtı qayığını vurub. Hər iki gəmiyə, eləcə də tərsanəyə ciddi ziyan dəydiyi bildirilir.

Donanmanın flaqman gəmisi olan "Moskva" kreyseri isə 2022-ci ilin aprelində Ukrayna raketi ilə vurulandan sonra batıb. Onun içində olan matros sayı dəqiq bəlli deyil.

"Novoçerkassk" böyük desant gəmisi

Liman 250 kilometrdən necə vurulub

Rusiyanın ilhaq etdiyi Krım vilayətinin başçısı Sergey Aksyonov Feodosiya limanı ərazisinə Ukrayna Silahlı Qüvvələrinin hücumu barədə məlumat yayıb. Onun sözlərinə görə, partlayış dayanıb, yanğın söndürülüb.

"Müvafiq xidmətlər yerdə çalışır. Bəzi evlərin sakinləri köçürüləcək", -- Aksyonov yazıb.

İtkilər barədə məlumat verilmir.

Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk isə Feodosiya limanında "Novoçerkassk" böyük desant gəmisinin vurulduğunu açıqlayıb. O, zərbəni Ukrayna aviasiyasının endirdiyini deyib.

Oleşuk Rusiya donanmasının getdikcə azaldığını yazıb. Ancaq o, cəbhənin ən yaxın nöqtəsindən təxminən 250 km məsafədə yerləşən Feodosiyanın nə ilə vurulduğunu dəqiqləşdirməyib.

Ukrayna ordusunun səhər bülletenində deyilir ki, Feodosiya limanındakı "Novoçerkassk" gəmisi ötən gecə qanadlı raketlərlə vurulub. Məlumatda başqa detallar açıqlanmır

Rusiya hakimiyyəti bu informasiyanı, hələlik, şərh etməyib. Hazırda Ukrayna hərbçilərinin bəyanatını müstəqil mənbələrlə təsdiqlətmək də mümkün olmayıb. Ancaq Feodosiya limanından partlayışlar, yanğın, daha sonra təkrar böyük yanğın haqda Rusiya və Ukrayna mənbələri, bir sıra Telegram kanalları məlumat yayıblar.

"Meş" kanalı Krım körpüsündə hərəkətin bir müddət dayandırıldığını yazıb.

Feodosiya ilhaq olunmuş Krımın cənub-şərqində yerləşir. Ukrayna Sevastopol limanını bir neçə dəfə vurandan sonra Rusiyanın Qara dəniz donanmasının gəmilərinin bir hissəsi oraya yerləşdirilib.