Rusiyanı Ukraynanın işğal olunmuş Krım vilayəti ilə birləşdirən Kerç körpüsündən keçmək üçün hazırda 2 minədək nəqliyyat vasitəsi növbə gözləyir. Ötən gecə ərazidə partlayış eşidiləndən sonra məmurlar körpünü bağlayıb.
Partlayış nəticəsində Kerç şəhərinə yüngül ziyan dəydiyi, bunun Ukraynanın dron hücumunun nəticəsi olduğu bildirilir. Rusiyapərəst "Crimean Wind" Telegram kanalı partlayış anının əks olunduğu deyilən bircə kadr yayıb, bunun böyük yanğına səbəb olduğunu yazıb.
Həm avtomobil, həm də dəmiryol xətlərinin keçdiyi 19 kilometrlik Kerç körpüsü 2018-ci ildə açılıb, Ukraynanın cənubunda bəzi əraziləri işğal etmiş Rusiya qüvvələri üçün vacib təchizat marşrutudur. 2022-ci ilin oktyabrında və 2023-cü ilin iyulunda Ukraynanın hücumundan ziyan görmüş körpü təhlükəsizlik insidentləri zamanı tez-tez bağlanır.
Ukrayna dronları vurulub
Rusiyanın Qara dəniz donanmasının yerləşdiyi Sevastopol liman şəhərində üç dronun vurulduğu bildirilir. Ümumilikdə, Rusiyanın Müdafiə Nazirliyi avqustun 15-də bildirib ki, ötən gecə Ukraynanın beş hava, iki dəniz dronunu neytrallaşdırıb.
Çernomorsk rayonu və Krımın paytaxtı Simferopol yaxınlığında partlayışlarla bağlı sosial mediada məlumatla yayılır.
Böyük ziyan haqda məlumat yoxdur, Ukrayna ordusu da məlumatları şərh etməyib.
Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev avqustun 15-də "İzvestiya" qəzetinə deyib ki, avqustun 6-da Ukraynanın Rusiyanın qərbi Kursk vilayətinə müdaxiləsi "NATO-nun və Qərbin xüsusi xidmətlərinin köməyi ilə planlaşdırılıb". Bu iddianı son günlər saysız Rusiya rəsmiləri dilə gətirib.
Patruşevin dediyinə görə, ABŞ və digər Qərb ölkələrinin müdaxilədə əli olmamalarına dair iddiaları "doğru deyil".