Rusiyanın Krımdakı sursat deposunda partlayış olub

Krımda Mayskoye kəndi üzərində tüstü dalğası

Krımın tatar icmasının tanınmış lideri Refat Çubarov da Facebook postunda partlayışın sursat deposunda baş verdiyini yazıb

Rusiyanın Müdafiə Nazirliyi daha sonra bəyanatında partlayışa görə sabotajçıları günahlandırıb.

“Avqustun 16-da səhər sabotaj nəticəsində Djankoy kəndi yaxınlığında hərbi anbara ziyan dəyib. Bir neçə mülki obyekt, o cümlədən elektrik xətləri, elektrik stansiyası, dəmiryolu xətti, bir neçə yaşayış binası ziyan görüb”, – deyən nazirlik ciddi itki olmadığını, sabotajın nəticələrinin aradan qaldırılması üçün gərəkən tədbirlər görüldüyünü vurğulayıb.

Rusiyanın Energetika Nazirliyi Krımda yarımstansiyada yanğın baş verdiyini, qarşısının alındığını bildirib. Yanğının səbəbi göstərilməyib.

***

Rusiyanın xəbər agentlikləri Ukraynanın ilhaq edilmiş Krım yarımadasının şimalında sursat anbarında partlayış baş vediyini, yerli sakinlərin evakuasiya olunduğunu yazır.

Telegram və digər sosial mediada yayılmış video və fotolardan görünən odur ki, partlayış avqustun 16-da səhər yarımadanın Djanskoy rayonunda baş verib. Bu rayon Ukraynanın əsas hissəsilə administrativ sərhəd yaxınlığındadır.

Buna da bax: Ukrayna Rusiya muzdlularına ağır zərbə vurduğunu bildirir

Elektrik stansiyasında yanğın

TASS, Interfax və RIA-Novosti Rusiya Müdafiə Nazirliyinə istinadla bildirirlər ki, partlayış sursatın müvəqqəti saxlancında baş verib. İtkilər haqda məlumat yoxdur.

Krımın tatar icmasının tanınmış lideri Refat Çubarov da Facebook postunda partlayışın sursat deposunda baş verdiyini yazıb.

Vilayətə Rusiyanın təyin etdiyi qubernator Sergey Aksyonov iki nəfərin xəsarət aldığını, sakinlərin evakuasiya olunduğunu bildirib.

“Crimea Wind” adlı yerli xəbər təşkilatının xəbərinə görə, elektrik yarımstansiyasında transformator avqustun 16-da səhər partlayıb və yanğın başlanıb. Bu iki insidentin əlaqəli olub-olmadığı bilinmir.

Buna da bax: Ukrayna cənubda hücuma başladımı

Bir həftə öncəki partlayışlar

Təxminən bir həftə qabaq Krımın qərbində Rusiyanın Saki aerodromunda partlayışlar silsiləsi baş verib, bir neçə Rusiya hərbi təyyarəsi dağılıb.

Bu partlayışa rəsmi səbəb göstərilməyib, ancaq peyk təsvirləri bazada geniş dağıntıları əks etdirib. Bir çox müşahidəçilər partlayışlara görə Ukrayna qüvvələrinin məsuliyyət daşıdığını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak Twitter postunda yazıb ki, son partlayışlar “rusiyalıların işğal etdiyi Krımın anbar partlayışları, işğalçılar və oğrular üçün yüksək ölüm riskinə yaxın olduğunu” yada salır.

Fevralın 25-də Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.