FSB Kurskdan yazan jurnalistlərə cinayət işi açır

CNN

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) CNN-in jurnalisti Nik Peyton Uolş (Nick Paton Walsh) və Ukraynadan iki müxbirə cinayət işi açıb. Səbəb kimi onların Ukraynanın Rusiya ərazisinə müdaxiləsindən reportaj hazırlamaq üçün Rusiya ərazisinə qanunsuz keçməsi göstərilib.

Britaniyalı jurnalist Peton Uolş və ukraynalılar Diana ButskoOlesya Borovik Kursk vilayətinin Sudja ərazisindən reportaj hazırlayıb.

Ukrayna son həftələr Rusiyaya qəfil müdaxilə edib. Bu, İkinci Dünya müharibəsindən bəri Rusiya ərazisinə ən böyük müdaxilə sayılır.

"Yaxın gələcəkdə onların adları beynəlxalq axtarış siyahısına salınacaq", – FSB avqustun 22-də bildirib və hər üç jurnalistin 5 ilədək həbs oluna biləcəyini əlavə edib.

Jurnalistlər Rusiyaya Ukrayna hərbi konvoyu ilə birlikdə girib, Sudja şəhərinə gediblər. CNN bu missiyanın legitim reportaj səfəri olduğunu bildirib.

"Ukrayna hökuməti bizi digər beynəlxalq jurnalistlərlə birlikdə dəvət edib, Ukrayna ordusu bu yaxınlarda tutduğu ərazini göstərməyə aparıb", – CNN bəyanatında bildirib.

"Bu, Cenevrə Konvensiyasının və beynəlxalq hüququn jurnalistlərə verdiyi hüquqlara uyğun olaraq gerçəkləşdirilən qorunan fəaliyyətdir", – bəyanatda vurğulanır.

İtalyan jurnalistlərə də oxşar cinayət işi

FSB ötən həftəsonu da Ukraynanın Kursdakı əməliyyatlarını işıqlandıran iki italyan jurnalistə qarşı oxşar iş açmışdı.

Simoni TrayniStefani Battistini də sərhədi qanunsuz keçməkdə ittiham olunurlar.

Moskva bunun ardınca İtaliyanın Moskvadakı səfiri Çeçiliya Piççonini çağırıb. Rusiya XİN-in məlumatına görə, səfir deyib ki, İtaliyanın "RAI" dövlət televiziyası, "özəlliklə redaksiya heyəti öz fəaliyyətini tamamilə azad və müstəqil formada planlayır".

Rusiya XİN bu həftənin əvvəlində ABŞ səfirliyinin missiya başçısının müavini Stefani Holmsu (Stephanie Holmes) çağıraraq ABŞ jurnalistlərinin Rusiyanın Kursk vilayətində Kiyevin nəzarətində olan hissəsindən "provokativ" reportajlarına etirazını bildirib. Həmin jurnalistlərin Rusiya sərhədini qanunsuz keçdiyi bildirilib.