Laçın dəhlizinin bağlanıb, açıldığı bildirilir-Ekologiya nazirliyinin əməkdaşları Xocalıda olub

Gorus -Xankəndi yolu, ("Laçın dəhlizi") 3 dekabr 2022-ci il

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərində “monitorinq aparılması üçün” görülən tədbirlərlə bağlı növbəti açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, onların, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdiriblər.

Açıqlamaya görə, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda, müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Bildirildiyinə görə, 18.00 radələrində onlar Şuşa şəhərinə qayıdıblar:

“Xocalıda, sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb”

***

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərində “faydalı qazıntıların qanunsuz istismarı, bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi”nin aparılması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə mütəxəssislərinin göndərilməsi barədə müraciət edib.

Buna da bax: Ermənistan parlamenti müxalifətin Qarabağ bəyanatını qəbul etmədi

Əlavə edilir ki, dekabrın 3-də, saat 11.00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar:

“Hazırda… faydalı qazıntıların qanunsuz istismarı, bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsinin şərtləri sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.”

Gorüs-Xankəndi yolu bağlanıb?

AzadlıqRadiosunun erməni xidməti isə Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədəki separatçı quruma istinadla Gorus-Xankəndi yolunun Şuşa-Xankəndi arasındakı hissəsinin bağlandığını yazır.

Radionun yazdığına görə, ərazidə olan Şuşanik Hayryan adlı şəxs “Azatutyun”a bildirib ki, hazırda həmin ərazidə 100-ə yaxın maşın dayanıb.

"Azatutyun" yazdığına görə, davam edən 3 saatlıq danışıqlardan sonra yol açılıb.

Hələki bu məlumata Azərbaycan rəsmilərinin hər hansı münasibəti açıqlanmayıb.

Buna da bax: Ceyhun Bayramov Polşada ATƏT-i və Ermənistanı tənqid edib

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.