Ermənistan Müdafiə Nazirliyi təkzib edir, təfərrüatlar açıqlanmır

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanla Ermənistan arasında dövlət sərhədi üstündə mübahisələr başlayır? (Video arxiv)

Ermənistanın Müdafiə Nazirliyi noyabrın 10-da 60 erməni hərbçinin Sünik vilayətindəki Sev liç (Qaragöl-red) rayonunda mühasirəyə düşməsi və Rusiya sərhədçilərinin vasitəçiliyi ilə azad olunmasına dair Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumatı “açıq dezinformasiya” adlandırıb.

Bu barədə AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun məlumat verib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Azərbaycan silahlı qüvvələrinin Qaragöl ərazisində “təxribatının” ardınca Ermənistan silahlı qüvvələrinin hərəkətindən sonra Azərbaycan silahlı qüvvələri vəziyyətin həll olunması üçün Rusiya tərəfinə müraciət edib və Rusiya tərəfinin fəal işi nəticəsində vəziyyət stabilləşdirilib.

Bəyanatda Azərbaycan silahlı qüvvələrinin "təxribatı" barədə əlavə təfərrüat verilmir.

Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, hazırda Qaragöl ərazisindəki vəziyyət tam olaraq Ermənistan silahlı qüvvələrinin nəzarətindədir.

Azərbaycan-Ermənistan sərhədində gərginlik...

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirib ki, Ermənistan tərəfi hərbi qarşıdurma yaratmaq məqsədilə dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti təxribata cəhd edib.

"Noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü (Sevliç) istiqamətində hərəkət edərək Azərbaycan ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər", - nazirliyin açıqlamasında yazılıb.

Məlumata görə, qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə Ermənistan tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan ordusunun sərhədin həmin sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb: "Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb".

Bu açıqlamaya Ermənistan Müdafiə Nazirliyinin münasibəti, hələlik, bəlli deyil.

Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən edilməsi ilə bağlı mübahisələr var. Xüsusilə sözügedən ərazi ilə bağlı tərəflər arasında bu ilin əvvəlindən gərginlik müşahidə edilir.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın şəhərindən keçir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.