Laçından yan keçəcək alternativ yol 32 km olacaq

Yeni avtomobil yolunun inşası

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, bölgədə bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir: "Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır".

Qeyd olunub ki, avtomobil yolunun uzunluğu 32 km təşkil edir: "İki hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edəcək".

Bildirilib ki, yolun 22-ci km-də inşa edilən və uzunluğu 139.5 metr olan dörd aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələdədir: "Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub".

Amma yolun neçəyə başa gələcəyi açıqlanmır.

Bu yol bəyannamədə nəzərdə tutulub

İki il əvvəl, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatda Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzərdə tutulur. Bəyanatının 6-cı bəndinə əsasən, üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan hazırlanmalı idi. Həmin bu marşrutu qorumaq üçün sonra orada yenidən Rusiya sülhməramlı kontingenti yerləşdirilməlidir.

Bu barədə Prezident İlham Əliyev də iki il əvvəl Laçın rayonunun boşaldılması ilə bağlı xalqa müraciətində danışmışdı: "Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq…".

Xatırlama

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. (Laçın və bəzi başqa rayonlar atəşkəsdən sonra boşaldılıb) Həmin ilin 10 (9) noyabr bəyanatına əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.