Lala 2.0 niyə siyasətə qarışmır

Lala 2.0

Son günlər yerli sosial şəbəkə seqmentində "Lala 2.0" adlandırılan bot müzakirə edilir. Texnobloqer Fərid Pərdəşünasın yaratdığı bot Azərbaycan dilinə uyğunlaşdırılıb. Lakin onun suallara doğru cavab verməməsi, bəzi sorğuları isə cavablamaqdan imtina etməsi sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Pərdəşünas deyir ki, "Lala 2.0" əksər insanları soyad bağlılığından dolayı xalq artisti, müğənni və ya digər tanınmış insanlarla qarışdırdığına görə yanlış məlumat verir. O əlavə edir ki, alqoritmik olaraq "ChatGPT"nin API-lərınə (Tətbiqin Proqram İnterfeysi) dayanır və bütün məlumatlar "ChatGPT"nin məntiqi əsasında gəlir.

"ChatGPT" müxtəlif dillərdə sorğuları dəstəkləyən süni danışıq çatbotudur. Ötən ilin noyabrında istifadəyə verilmiş çatbot kodlaşdırmanı sadələşdirmək, adi bir eskizdən vebsayt yaratmaq, imtahanları yüksək göstəricilərlə vermək bacarığı ilə diqqət çəkib.

"Bəzi insanlar yazır ki, "Lala" siyasətə qarışmır, trolbotdur və yaxud Fərid özü qəsdən onu siyasətə qatmayıb. Xeyr, sadəcə "ChatGPT" belə bir imkan vermir ki, o, siyasi fikir bildirsin, siyasi şəxslər haqqında rəy versin. Bu, tamamilə "ChatGPT"ə bağlıdır, biz sadəcə brend yaratmışıq. Ona Azərbaycan dilində bəzi girişlər əlavə edib daha rahat istifadəçi interfeysi vermişik. "Lala" öz məlumat bazamız əsasında cavablar hazırlayır. Təkcə "ChatGPT"ə bağlı deyil, sadəcə, məntiq olaraq ondan istifadə edir", – Pərdəşünas vurğulayır.

Fərid Pərdəşünas

Hələ 2019-cu ildə Azərbaycan süni intellektdən istifadə üzrə qlobal indeksdə 69-cu yerdə qərarlaşıb, texnologiyanın zəif yayıldığı dövlət sayılmışdı.

İş imkanları azalır

ABŞ-ın "Goldman Sachs" investisiya bankının iqtisadçıları isə bu yaxınlarda bildirib ki, "ChatGPT" kimi platformaları ərsəyə gətirmiş Süni İntellektin (Sİ) yeni dalğası dünyada 300 milyonadək iş yerinin avtomatlaşdırılmasına səbəb ola bilər. İqtisadçılar yazırlar ki, generativ Sİ vəd olunan qabiliyyətlərinə çatsa, əmək bazarı ciddi pozulma ilə üzləşə bilər.

Bəs, Azərbaycanda Sİ hansı iş yerlərini əvəzləyə bilər? Ölkənin əmək bazarında süni intellektin payı nə qədərdir?

Sİ-nin Azərbaycanda yetərincə inkişaf etmədiyini deyən Pərdəşünas hesab edir ki, yaxın müddətdə ölkədə bununla bağlı işsizlik gözlənilmir. O, ölkədə dizayn və digər sahələrdə bu texnologiyadan istifadə olunduğunu, ancaq geniş yayılmadığını söyləyir: "Sahibkar Süni İntellektin köməyindən yararlanaraq beş nəfər işçi əvəzinə iki nəfər götürəcək. Yaradıcı Süni İntellektin fərqi ondadır ki, o, məqalə, foto, video, musiqi yarada bilir. Hətta rəqəmsal formada insan cildinə girə, insan səsini klonlaşdıra bilir. Buna görə də iş yerlərinin çoxuna lazım olan texnologiyadır. Son dörd ildə süni texnologiyanın müəllim, həkim, jurnalistlər kimi ixtisasları lazımsız edəcəyi düşünülürdüsə, hazırda bu siyahıya dizaynerlər, jurnalistlər, sosial media mütəxəssisləri, kopirayterlər də əlavə edilib".

Sizin brauzer HTML5-i dəstəkləmir

'Deyirlər iş yoxdur, amma biz işçi axtarırıq, tapa bilmirik'

Əmək bazarına təhlükə varmı

Əmək məsələləri eksperti Vüqar İbrahimov ölkənin əmək bazarında işsizliyin onsuz da yetərincə yüksək olduğunu deyir və əlavə edir ki, bu texnologiyanın işsiz sayını artırmasının qarşısını almaq lazım gələcək. Ancaq o, Azərbaycanda Sİ-nin tezliklə inkişaf edib əmək bazarını çökdürəcəyini düşünmədiyini vurğulayır: "Hazırda əmək bazarında kopirayter və dizaynerlər üçün Sİ nisbətən təhlükəli ola bilər. Lakin bu intellekt tam təkmil olmadığından yaxın beş ildə bu işlərdə canlı qüvvəyə ehtiyac var. Gələcək üçün sosial media mütəxəssisləri başda olmaqla, bir sıra rəqəmsal bilik tələb edən işlərdə çalışanlara təhlükə yaranır. Bunun qarşısını almağın isə tək yolu indidən süni texnologiya üzrə mütəxəssis yetişdirməkdir".

Ekspert GDPR (Avropa İttifaqının Məlumatların Qorunmasına dair Ümumi Reqlamenti) əsaslı qanunvericiliyin mövcud olmamasına da diqqət çəkir. Onun sözlərinə, bu texnologiyanın əmək bazarında geniş yayılması bəzən sui-istifadə hallarına da yol aça biləcək: "Süni İntellekt haqda qanunvericilik olmasa, bəzi işverənlər sui-istifadə edərək insanları işdən uzaqlaşdıra bilər, yaxud da Süni İntellekti bəhanə edib aşağı əməkhaqqı verə bilər. Yaxşı olar ki, bu qanun indidən yaradılsın ki, sonra problem yaşanmasın".

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycandan 'beyin axını': 'Qarşısı mütləq alınmalıdır!'

Təhsil

Müstəqil təhsil mütəxəssisləri hazırda ali təhsil ocaqlarında süni texnologiyanın tədrisinin zəifliyindən şikayətlənirlər. Yeddi ildir Almaniyada yaşayan, keçmiş Qafqaz Universitetinin (hazırki Bakı Mühəndislik Universiteti) Sənaye mühəndisliyi fakültəsini bitirən Firudin Qurbanlı da deyir ki, Azərbaycanda Süni İntellekti idarə etmək potensialına malik dövlət qurumu yoxdur. Üstəlik, bu istiqamətdə təhsil almaq üçün müəssisələr, yaxud baza məlumatlarını öyrədəcək mütəxəssislər çox azdır, ya da tapılmır.

Qurbanlı bir müddət Azərbaycanda texnologiya sahəsində çalışıb, 2016-cı ildə Almaniyaya köçüb. "Texnologiya üzrə bir müddət işlədim, ötən ildən data elmləri və süni intellekt sahəsində magistratura təhsili almaqdayam. Burada iş imkanları da çoxdur, hələ tələbəyəm və "part-time" çalışıram. Azərbaycanda isə nəinki iş imkanı tapmaq çətindir, təhsil verən qurum, heç bunu idarə edəcək dövlət qurumu da yoxdur", – o bildirib.

"İnformasiya texnologiyaları" ixtisası üzrə təhsil almış Ruslan Yasinov isə nə Süni İntellekt sahəsini öyrədəcək sərfəli tədris mərkəzi tapır, nə də praktiki mənimsəyə biləcəyi iş imkanı. Xaricə də gedə bilmir deyə, ümidini əmək bazarında mümkün dəyişikliklərə bağlayıb: "Anlayıram ki, bəzi Süni İntellekt alətlərini xüsusi öyrətməyə ehtiyac yoxdur. Məsələn, "Midjourney" sistemi açar sözlərdən şəkil yaradır ki, bunu məktəblilər də edə bilər. Lakin digər alətlər var, onların baza məlumatı öyrədilsə, istənilən dövlət müəssisəsinə yararlı olacaq potensial işçi qüvvəsi yaranar".

V.Qasımov

İnternet Texnologiyaları mütəxəssisi Vahid Qasımov Azərbaycanda süni intellektin kreativ sahələrdə, marketinqdə, özəl təhsil sektorunda, mediada, dizayn və memarlıqda istifadə olunduğunu, ancaq geniş yayılmadığını söyləyir: "Çünki ölkə iqtisadiyyatının 80 faizi neft sektorudur, burada buna ehtiyac yoxdur. Qalan hissənin böyük qismi dövlət işçiləridir, onlar da oturub maaş alır. Azərbaycanda bu baxımdan müasirləşmə dərdi yoxdur. Nümunə çəkim: Küçə süpürməyə maşınlar almaq yerinə süpürgəçi qadınlar işlədirik. Ona görə kiminsə iş itirmək təhlükəsi yoxdur".

Süni İntellekt nədir

Süni intellekt – insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm və texnologiyadır. İnsan intellektinin araşdırılması kimi də başa düşülür. Süni intellekt termini ilk dəfə 1956-cı ildə Dartmut Konfransı zamanı istifadə olunub. Daha sonra dünya üzrə korporasiyalar və hökumətlər Süni İntellektin inkişafına sərmayələr yatırmağa başladı.

2021-ci ildə Süni İntellektə özəl investisiyalar iki dəfə artaraq 93.5 milyard ABŞ dolları olub. Ən çox investisiya məlumatların emalı və idarə olunmasına, eləcə də bulud texnologiyalarına yatırılıb. İnvestisiyaların həcminə görə 52.9 milyard dollarla ABŞ liderlik edir. İkinci yerdə 17.2 milyard ABŞ dolları ilə Çin qərarlaşıb.