Ceyhun Bayramovla Sergey Lavrov danışıb

S.Lavrov və C.Bayramov

Bu gün, martın 21-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər: "Telefon danışığı zamanı nazirlər Ukrayna ətrafındakı vəziyyət, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar".

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair daha iki bəyanat imzalayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.