Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 5-də xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri ilə bağlı məlumat yayıb.
Nazirliyin saytında yer alan məlumata görə, Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli və geniş nümayəndə heyəti ilə birgə görüş keçirib.
Bildirildiyinə görə, görüşdə Azərbaycan-Rusiya arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, iqtisadiyyat, təhsil, nəqliyyat və digər məsələlər müzakirə edilib. Habelə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri də nəzərdən keçirilib.
Buna da bax: İranda əxlaq polisi bağlanıb, ya yox?Məlumatda həmçinin qeyd edildiyinə görə, Ceyhun Bayramov Ermənistanın qüvvələrini tam şəkildə Azərbaycan ərazilərindən çıxarmaması, bütün kommunikasiyaların açılması işinə maneçilik törətməsi üzrə narahatlıqları diqqətə çatdırıb:
“Bununla yanaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı məsələsi müzakirə mövzusu olub.”
Geniştərkibli görüşdən sonra, Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün siyasi məsləhətləşmələr planı imzalanıb.
Planın detalları, hələlik, açıqlanmır.
Buna da bax: Əfqanıstanda ata 10 yaşlı qızını 4 min dollara satıbErmənistan rəsmiləri...
Bayramovun səsləndirdiyi fikirlərə, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma bu ilin yayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, Ermənistan Silahlı Qüvvələrinin bir hissəsi müharibə vaxtı Dağlıq Qarabağın “müdafiə ordusu”na köməyə getmişdi:
“Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses sona yaxınlaşır və sentyabrda başa çatacaq. Müdafiə ordusuna gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmaqda davam edəcək”.
Ermənistan rəsmiləri indi isə Qarabağda hərbi qüvvə yerləşdirmədiklərini, etnik erməni “müdafiə ordusu”nun özlərinin silahlı qüvvələrinə dəxli olmadığını vurğulayırlar.
Buna da bax: Sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu gözlənirXatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Ötən il isə tərəflər arasında bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası vacibliyi ilə bağlı daha iki bəyanat imzalanmışdı.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.