“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ən vacib sənədlər BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələridir. Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini ifadə edib. Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib”.
Xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açıqlamasını şərh edərkən belə deyib. S. Lavrov 2016-cı ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil.
Buna da bax: Lavrov: "Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid məsələ deyil"
Lavrov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həll paketi mövcuddur. İşğal edilmiş ərazilərin boşaldılması və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi tələbi, hələ də qüvvədədir. Elmar Məmmədyarov APA-ya müsahibəsində isə bu məsələyə cavab verərkən Dağlıq Qarabağın statusu ilə bağlı ölkə prezidentinin mövqeyini xatırladıb.
“Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz. Lakin Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər”, deyən nazir Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun regionda gərginliyin əsas mənbəyi olduğunu qeyd edib.
Buna da bax: Atəşkəsdən yaranan yorğunluq
“ATƏT-in Minsk Qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu dəfələrlə bəyan ediblər. Ötən il aprelin 5-də Moskvada Ermənistan və Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisləri səviyyəsində atəşkəsin əldə olunması üçün Rusiyanın göstərdiyi səyləri yüksək qiymətləndiririk. Amma aprel döyüşləri bir daha göstərdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, həm də qonşu dövlət olaraq münaqişənin tezliklə həll edilməsi üçün səylərini daha da artırmalıdır. Tam şəkildə əminəm ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək. Regionda sabitlik təmin ediləcək və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq”, Elmar Məmmədyarov bildirib.
XATIRLATMA
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.1993-cü ildə BMT TŞ Azərbaycanın işğal edilən ərazilərinin dərhal və qeyd şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edib.
Buna da bax: Cəbhədə yenidən nə baş verir? [reaksiyalar]
Ötən il isə əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.