Lənkəranın icra başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlandığı, ancaq qarşısının alındığı iddia olunur. Buna görə suçlanan Bəhruz Əsgərov oktyabrın 15-də məhkəmə önünə çıxarılıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
B.Əsgərovun 36 yaşı var. O, qəsdən adam öldürməyə cəhddə, ictimai-siyasi xadimin həyatına sui-qəsddə, terrora hazırlıqda suçlanaraq 7 aydan çoxdur Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılır.
Oktyabrın 15-də B.Əsgərovun vəkili məhkəmədə vəsatət qaldıraraq onun DTX-dan Penitensiar Xidmətin Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyib.
Hakimlər vəsatəti təmin edib.
B.Əsgərov icra başçısı ilə yanaşı, cənub bölgəsində fərdi qaydada ingilis dili müəllimi çalışan əcnəbi Lin Terriyə (Lynn Terry) qarşı sui-qəsdin təşkilində də suçlanır. Bu üzdən Qaraşovla yanaşı, o da zərərçəkmiş qismində tanınıb.
Cinayət işinin materiallarında iddia edilir ki, B.Əsgərov icra başçısını güdməkdən, onu və əcnəbi müəllimi öldürməkdən ötrü müxtəlif adamlarla danışaraq onlara tapşırıqlar verib.
B.Əsgərova ittiham verilən maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. Onun istintaqa ifadəsində özünü təqsirli bildiyi göstərilib. Məhkəmədə isə hələ sərbəst ifadə verməyib.