Azərbaycanda "LGBT təbliğatı"nı qadağan edən qanun layihəsinin qəbulu təklif olunur. Deputat Cavanşir Paşazadə yerli medialara bildirib ki, Rusiya Dövlət Duması belə bir layihəni qəbul edibsə, "müsəlman ölkəsi olaraq biz də" belə bir qanun qəbul etməliyik.
Onun sözlərinə görə, cinsi azlıqlara haqq qazandıran bəzi saytlar da var. "Onlar tələb edirlər ki, Qərbdə, xüsusilə Fransada LGBT üzvlərinə şərait yaradılırsa, Azərbaycanda da yaradılmalıdır. Bu, Qərbin təbliğatıdır. LGBT dinimizə, adət-ənənələrimizə uyğun gəlmir, buna görə biz də qanun qəbul etsək, yaxşı olar", - o vurğulayıb.
Rusiya təcrübəsi
Rusiyanın Dövlət Duması noyabrın 24-də "LGBT təbliğatı"na qarşı qanun qəbul edib. Bu qanun qeyri-ənənəvi cinsi münasibətlər və istəkləri təbliğ edən reklamları, film, kitab, sənət əsərləri və digər materialları yasaqlayır. Qaydanı pozanlara qarşı cərimələrsə fiziki şəxslər üçün 800 min rubl (14 min dollar), hüquqi şəxslər görə isə daha çox müəyyən edilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Azərbaycanda praktikada bu "qanunlar" bir növ işləyir"
LGBTQ+ aktivisti Əli Məlikov AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda, ümumiyyətlə, azadlıq tərəfdarı olan icmaların əngəlləməsi təzə hadisə deyil: "Daha əvvəl qlobal təşkilatlar ölkədən çıxarılıb, yerli təşkilatlar qapadılıb. Bu nifrət çağırışları da bunun bir hissəsidir. Çünki Azərbaycanda son dövrlərdə feminist və LGBT cərəyanları çox güclü yayılırdı, ölkədəki problemlərə etiraz edirdilər. Azərbaycan hakimiyyəti isə istəyir ki, icmalar danışmasın".
Aktivist deyir ki, bu il ard-arda LGBT icmasının təcridi, onun təbliğatının qadağan edilməsi ilə bağlı çağırışlar səslənir: "LGBT-lərin hüquqlarını müdafiə etmək, bunu təbliğ etmək insan haqlarıdır".
Ə.Məlikovun fikrincə, Azərbaycan hakimiyyətinə idarəçilik üsulu baxımından yaxın olan Türkiyə və Rusiyada LGBT-lər təbliğatını dayandırsın, hüquqları üçün heç bir mübarizə aparmasınlar deyə, bu tip qanunları qəbul edirlər: "Azərbaycanda praktikada bu "qanunlar" bir növ işləyir. Məsələn, LGBT-lər öldürüləndə qatilə çox az iş verirlər. Amma belə qanunlar qəbul olunsa belə, biz təşkilatlanmağa və etirazımızı bildirməyə davam edəcəyik. Çünki biz yaşamaq istəyirik. Azərbaycanda LGBT-lərin mübarizəsi çox primitivdir. Böyük bir hüquq və yaxud da qanun dəyişikliyi tələbi deyil. Yaşamaq və öldürülməmək haqqıdır".
"Qanunvericilik yönündə hazırlıq yoxdur"
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə "Turan"a deyib ki, iki faktora görə mövzunun həssas olduğunu başa düşmək lazımdır: "Birincisi, təbii ki, bizim hələ sovet dövründə olan insanlarımız yaşayırlar və bu mövzulara xüsusi bir həssaslığı olub, onlar müəyyən tabuların altında saxlanılıb. O üzdən məsələ sanki bir Qərb fenomeni kimi dərk olunur. İkincisi, həqiqətən, bunun müəyyən qədər əsası olub. O mənada ki, bəzi hallarda Avropa ölkələri bunu bir siyasət kimi yaymaq xəttini seçiblər".
Deputatın sözlərinə görə, hazırda parlamentdə qeyd olunan məsələ ilə bağlı qanunvericilik yönündə hazırlıq və fəaliyyət yoxdur: "Digər tərəfdən də, Milli Məclisin üzvləri öz mövqelərini söyləməkdə sərbəstdirlər".
Z.Orucun fikrincə, nəzərə almaq lazımdır ki, bu, insani durumdur və kiməsə bu amildən irəli gələrək basqılar etmək mümkün deyil: "Yəni, məsələ ictimai münasibətlər sisteminin xarakterində özünü necə göstərməyindən asılıdır. Bu, bir dövlət və ya hansısa şəxslər arasında bir problem kimi qoyulmalı deyil".
Sizin brauzer HTML5-i dəstəkləmir
Komitə sədri qeyd edib ki, bir sıra xarici dairələr bunu yönəldirlər, idarə edirlər və cəmiyyətdə dəyər sisteminə basqı kimi bundan bəhrələnirlər: "Həmin layihələrin arxasında da bir sıra hallarda milyonlarla dollar vəsait dayanır. Amma biz sırf vətəndaş hüquqlarından danışırıqsa, bu yöndə biz elə addımlar atmalıyıq ki, nə həmin şəxslərin haqlarının tapdalanması, məhvi və onların linçi ilə müşayiət olunsun, nə də onlar cəmiyyətin trendində özlərini saxlayaraq milyonlarla insanın haqqını, dəyərlərini zədələsinlər".
"Bu, 'təbliğat'ın qarşısını almaq üçün tədbirlər…'
Gender fəalı Gülnarə Mehdiyeva isə AzadlıqRadiosuna bildirib ki, sözügedən qanunla yanaşı, Rusiyada Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitənin sədri də "LGBT təbliğatı"na görə cəzanın vacibliyindən bəhs etmişdi: "2021-ci ildə Azərbaycanda da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Sosial Tədqiqatlar Mərkəzi insanlar arasında sorğu keçirmiş və hesabat dərc etmişdi. Sorğudan əvvəl qoyulan problemlər arasında "cinsi azlıqların, LGBTİ hərəkatının miqyaslı təbliğatının genişlənməsi" vurğulanır, tövsiyələr arasında isə bu "təbliğat"ın qarşısını almaq üçün tədbirlər təklif edilirdi".
Sizin brauzer HTML5-i dəstəkləmir
Fəal qeyd edib ki, o bir sıra qanunların və diktatura fəaliyyət modelinin Rusiyadan nümunə götürüldüyü bir ölkənin vətəndaşı olaraq, bu iki hadisə arasında müəyyən bağlantı görür: "Azərbaycanda LGBTQ+ hüquqları ilə bağlı vəziyyət onsuz da ürəkaçan deyil. "Təbliğat" adlandırdıqları məfhum qeyri-rəsmi olaraq yenə də əngəllənir. Bu ilin "8 Marş" yürüşündə məhz göyqurşağı və trans bayrağı polis tərəfindən götürülmüşdü. Bu il Əvəz Hafizlini qətlə yetirən şəxs onu oriyentasiyasına görə öldürdüyünü desə də, ən aşağı cəzanı aldı - 9 il 6 ay. (Cinayət Məcəlləsində qəsdən adam öldürməyə görə 9 ildən 14 ilə qədər cəza nəzərdə tutulur) Sosial şəbəkələrdə məhz LGBTQ+ların ünvanına ölüm çağırışları etmək cinayət sayılmır".
G.Mehdiyevanın fikrincə, vəziyyətin bu qədər pis olduğu halda, bundan daha betər qanunları təsəvvür etmək çətindir: "Bu cür qanun təkcə LGBTQ+ların həyatına deyil, onların hüquqlarını qorumaq istəyən təşkilatlara, aktivistlərə və ya hər hansı fərdi şəxslərə də ciddi problemlər yaradacaq. Biz, aktivistlər olaraq, insanların maarifləndirilməsi üçün onlayn və oflayn materiallar dərc edə bilməyəcəyik. Onsuz da mühafizəkar cəmiyyət daha da cəhalətə sürüklənəcək".
Yazıda səslənən tənqidi fikirlərə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsindən münasibət almaq mümkün olmayıb.