Litva hökuməti, Litva-Belarus sərhədini qanunsuz keçən miqrant axını səbəbindən ölkədə ekstremal vəziyyət elan edib. Litva ictimai Televiziyasının (LRT) məlumatına görə, ötən gün ərzində sərhədçilər qonşu ölkədən gələn 150 əcnəbini saxlayıblar. Bu da əvvəlki günlə müqayisədə demək olar ki, üç dəfə çoxdur.
Daxili işlər naziri Agne Bilotayte deyib ki, söhbət hakimiyyətin yaranmış vəyiyyətin öhdəsindən gələ bilməməsindən getmir. Onun sözlərinə görə, sadəcə gücləndirilmiş vəziyyət məmurlara sərhəddə təcili tədbirlər görmək və artıq gələnlərin köçürülməsi üçün qanuni imkanlarını genişləndirmələri üçün lazımdır.
Hazırda miqrantlar üçün hazırlanan 835 köçürmə yerindən 500-ü dolub.
Məlumata görə, ümumilikdə, bu il 800-dən çox miqrant Belarus sərhədindən qanunsuz olaraq Litvaya daxil olub. Bu, əvvəlki analoji dövrlə müqayisədə on dəfə çoxdur.
Bunlar Asiya, Şimali və Şərqi Afrikadakı müsəlman ölkələrindən, əsasən İraqdan olan qaçqınlardır.
Vilnüs, Avropa Birliyi ilə münasibətlərin pozulması fonunda Minsk'i AB-yə daxil olmaq istəyən miqrantlar üçün tranzitin məqsədyönlü şəkildə təşkil edilməsində günahlandırır.
İyun ayının sonunda Aleksandr Lukaşenko AB-nin Belarusiyadan gələn qanunsuz miqrasiyaya qarşı tələbini yerinə yetirməyə tələsməyəcəyini açıqladı.
O, belə bir mövqedə olmasını Belarusun işinə "Qərbin müdaxiləsi" ilə izah edib.
Litvanın xarici işlər naziri Gabrealis Landsbergis Belarus hakimiyyətini İraq və Suriyadan olan miqrantları Avropaya qarşı hibrid silah kimi istifadə etmək üçün qəsdən AB-yə göndərməyə başlamaqda günahlandırıb.
Xarici işlər nazirinin sözlərinə görə, bu, Litva hakimiyyət orqanlarının Belarus müxalifətinə siyasi sığınacaq verməyə hazır olmasına Minskin qisas cavabıdır.