Oktyabrın 4-də İranın ali dini lideri Əli Xamenei ictimaiyyət qarşısına çıxacaq. Bu arada İsrail Livana zərbələri gücləndirib, Yaxın Şərqdə münaqişənin genişlənməsi narahatlığı var.
Xamenei Tehranın mərkəzindəki İmam Xomeyni məscidində cümə moizəsini aparacaq. Onun İranın münaqişədə növbəti addımları ilə bağlı ipucu verəcəyi gözlənilir.
Təxminən beş ildir ki, Xamenei moizə aparmır. O, sonuncu dəfə 2020-ci ilin yanvarında cümə moizəsinə başçılıq edib. Bu, İslam İnqilab Keşikçiləri Korpusunun komandiri Qasım Süleymaninin ABŞ-nin Bağdada zərbəsi nəticəsində ölümündən sonra baş vermişdi.
Bugünkü moizədən öncə "Hizbullah" qruplaşmasının ötən həftə qətlə yetirilmiş lideri Həsən Nəsrullah üçün dini mərasim keçiriləcək.
Beyrutda kütləvi partlayışlar
Oktyabrın 3-də axşam Beyrutun ətrafında İsrailin havadan zərbələri nəticəsində çoxsaylı partlayışlar eşidilib. Birləşmiş Ştatlar isə bildirib ki, Tehranın həftənin əvvəlində İsrailə raket hücumuna cavab olaraq İranın neft obyektlərinə zərbələri müzakirə edir.
Livanın paytaxtı ətrafında gecə səmaya qalxan nəhəng tüstü dalğaları görünüb. Bundan bir neçə saat öncə İsrail ordusu şəhərin bəzi yerlərində yaşayanlara evakuasiya əmri verib.
Livanın rəsmi Milli Xəbər Agentliyi azı 10 ardıcıl zərbə endirildiyini yazıb, bunu "İsrail Livana qarşı müharibəyə başlayandan Beyrutun cənub ətrafına ən güclü reydlərdən biri" adlandırıb.
İsrail ordusu zərbələrin hədəfi barədə şərh verməyib. Ancaq bəzi media orqanları və təhlilçilərin təxmininə görə, onların məkanı, ölçüsü və miqyası hədəfin Haşim Səfiəddin ola biləcəyini göstərir. O, "Hizbullah" qruplaşmasının liderlərindən sayılır.
Livanın cənubuna nəzarət edən "Hizbullah" həm silahlı qruplaşma, həm də siyasi partiyadır. ABŞ onu terrorçu hesab edir, Avropa İttifaqı isə yalnız hərbi qanadını qara siyahıya salıb.
Qruplaşmanın öncəki lideri Həsən Nəsrullah ötən həftə İsrailin raket zərbəsi ilə öldürülüb.
Baydenin cavabı
İsrail həftənin əvvəlində Livanda quru əməliyyatına başlayıb. Bundan sonra Tehran İsrailə kütləvi ballistik raket zərbəsi endirib. İsrail və onun əsas müttəfiqi Birləşmiş Ştatlar əks-tədbirlərlə bağlı xəbərdarlıq ediblər.
ABŞ Prezidenti Co Bayden (Joe Biden) oktyabrın 3-də Vaşinqtonda jurnalistlərin "Ağ ev İranın neft obyektlərinə zərbələri dəstəkləyirmi" sualına cavabında deyib: "Bunu müzakirə edirik".
"Bu gün heç nə baş verməyəcək", – Bayden sözlərinə əlavə edib. O, bir gün öncə demişdi ki, İsrailin İranın nüvə obyektlərinə zərbəsini dəstəkləmir.
İran ordusu isə xəbərdarlıq edib ki, İsrail 1 oktyabr raket zərbəsinə cavab verərsə, o, daha geniş zərbələr endirəcək.
Bir gün öncə baş verənlər
Oktyabrın 3-də isə İsrail Beyrutun mərkəzində yaşayış binasını vurub, 9 nəfər həlak olub. İsrail bu zərbənin dəqiq əməliyyat olduğunu bildirsə də, təhlükəsizlik mənbəyi hədəfin Livan parlamenti yaxınlığındakı yaşayış binası olduğunu deyib.
"Hizbullah"a bağlı mülki müdafiə qrupu Beyruta hücumda ikisi tibb işçisi olmaqla, 7 üzvünün öldürüldüyünü açıqlayıb.
İsrail ordusu Livanın cənubunda azı 20 şəhərin də dərhal boşaldılmasını əmr edib. Bu, İsrailin "Hizbullah"a qarşı əməliyyatının genişləndiriləcəyini göstərir.
İsrail Livanın cənubuna müdaxilə zamanı 8 əsgərinin həlak olduğunu açıqlayıb.
İranın Xarici İşlər Nazirliyi oktyabrın 3-də Almaniya və Avstriyanın səfirlərini çağırıb. Onların hökumətləri Tehranı İsrailə raket hücumuna görə tənqid etmişdi. Məlumatı İranın rəsmi IRNA xəbər agentliyi yayıb.
Qeyd edilir ki, bu addım Almaniya və Avstriyanın 1 oktyabr hücumu ilə bağlı "qəbuledilməz" tədbirlərinə cavab olaraq atılıb.