►“Zibili yığmırlar, ancaq zibilpulu üçün tez gəlirlər."
"Qaradağın İcra Hakimiyyətinin binasının beş addımlığından keçmək olmur. Məişət tullantıları vaxtında daşınmır”.
Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Lökbatan qəsəbəsi, Massiv 1 küçəsinin sakini Aydan Babayeva deyir.
Onun sözlərinə görə, küçələrin çoxunda zibil qutuları olmadığına görə məişət tullantıları elə küçənin ortasına atılır. Vaxtında yığışdırılmayan zibilin üstünə zibil gəlir və beləcə “zibil poliqonu” yaranır:
"Qalaq-qalaq yığılan zibil axırımıza çıxır. Kiflənmiş, qıcqırmış zibilin iyi evlərin içərisindədir. Ağcaqanad, milçək də öz yerində… Bir sözlə, antisanitariya baş alıb gedir”.
Sakinlər dəfələrlə rayon icra hakimiyyətinə və rayon bələdiyyəsinə müraciət ediblər. Lökbatan sakini Əfqan Hüseynovun sözlərinə görə, hər dəfə vəd olunur ki, küçələr zibildən təmizlənəcək. Ancaq hər dəfə də vədlər boşa çıxır:
“İcra hakimiyyətindən deyirlər ki, zibildaşıyan maşınları az olduğundan zibili hər gün daşımaq mümkün deyil. Biz də onlara deyirik ki, heç olmasa, həftədə iki dəfə bu zibillər daşınsın. Ancaq söz elə yerdəcə düşüb qalır. Evlərimizin yaxınlığındakı zibillik təmizlənmir”.
Buna da bax: “Köçəri” erməni rəqsi kimi tanınmadı
ZİBİLPULUNU TƏLƏB EDİRLƏR
Massiv 1-də yaşayan Mahmud Hüseynovun sözlərinə görə, tullantılar vaxtında daşınmasa da, sakinlərdən aybaay zibilpulu yığılır:
“Küçələr zibillə dolub daşır. Zibil yeşiklərini vaxtında boşaltmırlar. Bir çox küçələrdə isə yerli-dibli zibil qutusu yoxdur. Gündə azı 2-3 dəfə zibillə dolu sellofanı götürürəm çıxıram küçəyə, yer axtarıram ki, hara tullayım. Elə küçələr var ki, yayda, ümumiyyətlə, iydən keçmək olmur. Zibili yığmırlar, ancaq zibilpulu üçün tez gəlirlər. Tələb edirlər ki, vaxtlı-vaxtında zibilpulu ödəyək. Belə dəqiq işləyirlərsə, zəhmət çəkib vaxtlı-vaxtında da gəlib zibili daşısınlar”.
Yerli bələdiyyədən bildiriblər ki, qüvvə az, təmizlənməli ərazi çox... Şikayət olunan ərazi də təmizlik işləri aparılacaq ərazilərin siyahısındadır.