Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Emin Axundov iddia edir ki, onu kriminal aləmdə "Lotu Quli" kimi tanınan mərhum Nadir Səlifovun adından şantaj ediblər. Axundovun dediyinə görə, bu şantaj nəticəsində 12 milyon manatlıq pul və əmlakı əlindən alınıb.
Onun şikayəti əsasında öz əmisi oğlu Vüsal Axundov cinayət məsuliyyətinə cəlb edilib. Aylardır bu məsələ ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar gedir. Mayın 23-də hökm çıxarılıb və CM-in 182.4 (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsi ilə təqsirli bilinən Axundov 14 il azadlıqdan məhrum edilib.
Buna da bax: 'Lotu Qulinin 'kruqunda' olduğuma görə şərləyiblər'700 min dollar, villa, Karlovı Varıda mülk...
Həbsindən öncə ədliyyə sistemində çalışan Vüsal Axundov isə özünü təqsirli bilmir, ittihamı qəbul etmir. Hökmdən öncə son sözündə də deyib ki, əmisi oğlunun Lotu Qulinin tələbiylə pul və əmlaklarını verməsinin ona heç bir aidiyyəti yoxdur. O, məhkəmədən bəraət istəyib.
Zərərçəkmiş qismində tanınan Emin Axundov məhkəməyə gəlməyib, onu vəkili təmsil edib. O, istintaqa ifadəsində deyib ki, əmisi oğlu onun qazancını, sahib olduğu pul və əmlakı bilirdi. Ona görə də Lotu Qulinin adından hədə-qorxu gələrək pulunu və əmlakını ələ keçirib. Lakin o, hansı səbəblə şantaj olunduğunu, ondan niyə pul tələb edildiyini açıqlamayıb.
Axundov bildirib ki, əmisi oğlu Vüsal özünü Lotu Quli ilə aralarında vasitəçilik edirmiş kimi göstərib. Zərərçəkmiş iddia edir ki, öncə 700 min dollar pul verib. Sonra 12 sot torpaq sahəsində tikilmiş villası, Çexiyada (Karlovı Varıda) mülkü və başqa əmlakları əlindən alınıb: "Pulu verirdim Vüsala, deyirdi ki, çatdırdım...".
Buna da bax: Rövşən Lənkəranski haqda kitaba niyə belə maraq var?"Niyə Quli ölənə qədər heç yerə şikayət eləmirdi?"
Zərərçəkmişin sözlərinə görə, sonda tələbləri yerinə yetirə bilmədiyini görüb bir dostundan kömək istəyib. Şikar adlı dostu vasitəsilə Səlifovla əlaqə saxlayıb: "O isə bildirib ki, heç kimdən heç nə istəməyib, onun adından istifadə edirlər...".
Təqsirləndirilən Vüsal Axundov isə əmisi oğlunun onu şərlədiyini deyir: "Niyə Quli ölənə qədər heç yerə şikayət eləmirdi, öləndən dərhal sonra şikayət elədi? Əgər doğru olsaydı, elə sağlığında şikayət eləyərdi. Özü də əməliyyatçı olub, kor-koranə kiməsə pul verməzdi ki...".
Nadir Səlifovun 2020-ci ilin avqustunda Türkiyənin Antalya şəhərində qətlə yetirildiyi bildirilir. O, qətl, pul tələb etmə və başqa ittihamlarla 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib.